REGİONLAR


Vətənpərvərlik və dövlətçilik Azərbaycançılıq ideologiyasının mühüm əsaslarıdır

Astara, 19 aprel, Bağır Əliyev, AZƏRTAC

Vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə inam hissini gücləndirir. Xalqımız Cavanşir, Babək, Şah İsmayıl Xətai, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələr yetişdirib, onların həyat yolu indiki gənclərə örnəkdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər aprelin 19-da Astara Rayon Mədəniyyət Mərkəzində “Uşaq və gənclərin Azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda keçirilən konfransda səsləndirilib.

Astara Rayon Təhsil Şöbəsi işçilərinin, rayonun ümumtəhsil məktəblərinin rəhbərlərinin, müəllimlərin və istedadlı şagirdlərin iştirak etdikləri konfransda Kijəbə qəsəbə tam orta məktəbin direktoru Təbrizə Rəsulovanın və Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyin direktoru Faiq Həsənovun mövzu ilə bağlı məruzələri dinlənilib.

Məruzə və çıxışlarda qeyd olunub ki, vətənpərvərlik və dövlətçilik Azərbaycançılıq ideologiyasının əsaslarını təşkil edir. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, - deyən dünyaşöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə dahi rəhbərimiz tərəfindən Azərbaycançılıq ideologiyasının əsas müddəaları, başlıca prinsipləri sistemli şəkildə işlənib hazırlanıb və həyatımızın bütün sahələrində öz ifadəsini tapıb.

Diqqətə çatdırılıb ki, Azərbaycançılıq ideologiyası Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Dövlətimizin başçısı 2011-ci ildə Dünya Azərbaycanlılarının III Qurultayındakı çıxışında deyib: “Bizim bir Vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - Azərbaycançılıq məfkurəsi”.

Tədbirdə şagirdlər şeirlər və mahnılar ifa edib, onların çəkdikləri rəsmlər nümayiş etdirilib, təqdimatları dinlənilib.

Sonda müxtəlif nominasiyalar üzrə qalib gəlmiş şagirdlərə diplomlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.