SİYASƏT
Veteran: Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbəni vurdu
Kürdəmir, 30 sentyabr, AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələrinin erməni təcavüzkarlarına qarşı həyata keçirdiyi əks-hücum əməliyyatı, Dağlıq Qarabağın və ətraf rayonların işğaldan azad edilməsi uğrunda gedən döyüşlər və qazanılan uğurlar biz yaşlı insanlara, ümumən Kürdəmir sakinlərinə hədsiz fərəh və qürur hissləri yaşadır. Nəhayət ki, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ildən bəri ipə-sapa yatmayan erməni hərbi-siyasi dairələri öz layiqli və həm də tutarlı cavablarını alır.
Bu fikirləri Kürdəmir rayonunun 70 yaşlı sakini Ayət Nəsirov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində söyləyib. Sentyabrın 27-də sübh tezdən Ermənistan hərbi birləşmələrinə qarşı keçirilən əks-hücum əməliyyatında və sonrakı günlərdə Azərbaycan Silahlı Qüvvələrinin qazandığı uğurlardan sevincini gizlədə bilməyən bu ahıl insan zaman-zaman ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımından danışıb: “Ermənilər Azərbaycanın əzəli torpaqları olan İrəvan diyarında məskunlaşdırıldıqdan sonra yeni ərazilər uğrunda məkrli işğalçılıq əməllərinə başladılar. Bu məkrli niyyətlərində azərbaycanlıların dədə-baba yurdlarından zorla qovulması, mövcud şəraitə uyğun olaraq yerli sakinlərə qarşı soyqırımının törədilməsi əsas məqsəd idi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ və ətraf 7 rayonun işğalı, soyqırımı və sair onların planlı şəkildə, öz havadarlarının köməyi ilə həyata keçirdikləri işğalçılıq siyasətinin nəticəsidir”. Ayət Nəsirov sözünə davam edərək bildirib: “Axır ki, azad, müstəqil və güclü Azərbaycanın öz sözünü demək zamanı çatdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin səyi və rəhbərliyi ilə formalaşan müasir, qüdrətli Azərbaycan ordusu azğınlaşan düşmənə sarsıdıcı zərbəni vurdu”.
“İndi hər gün ordumuzun sarsıdıcı zərbəsini, gənclərimizin ön cəbhəyə, döyüşməyə getməyə hazır olduğunu və bunun üçün komissarlığa müraciətlərini eşidəndə sevincim aşıb-daşır”, - deyə veteran söyləyib.