ORDU
Veteranlar N saylı hərbi hissədə şəxsi heyətlə görüşüblər
Bakı, 22 dekabr, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, N saylı hərbi hissəsinin qərargahında Azərbaycan Vətən Müharibəsi və Azərbaycan Dövlətçiliyinə Milli Dəstək İctimai birliklərinin təşkilatçılığı ilə müharibə veteranları, şəhid ailələri və ictimaiyyət nümayəndələrinin hərbi qulluqçularla görüşü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdən əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.
Mərasim ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, dövlət himninin ifası ilə başlayıb.
Çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin Silahlı Qüvvələrimizin inkişafına göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə dinamik inkişafdan və həyata keçirilən islahatlardan danışıblar.
Tədbirdə hərbi-vətənpərvərlik mövzusunda videoçarxlar nümayiş olunub.
Sonra iştirakçılar əsgərlərlə birgə nahar ediblər.