REGİONLAR


Veteranlar Şurasının uğurlu fəaliyyətinin əsasında dövlətimizin yüksək diqqət və qayğısı dayanır

Naxçıvan, 17 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Veteranlar Şurasının ümumi yığıncağı keçirilib. Yığıncaqda çıxış edən muxtar respublikanın Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Yusif Həsənov şuranın 2019-cu il ərzində gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ilə çıxış edib. Bildirib ki, polis veteranları ilə işin təşkil olunmasından çox az bir müddət ötür. 2018-ci ilin oktyabr ayında keçirilən veteranların ilk ümumi yığıncağından və nazirliyin Veteranlar Şurasının yaradılmasından sonra 2019-cu il ərzində şura ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş və “Veteranlar haqqında” Qanunla təsbit edilmiş prinsiplərə əsaslanaraq muxtar respublika daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən aparılan siyasətə uyğun şəkildə, eləcə də nazirliyin müvafiq normativ sənədləri və Daxili İşlər nazirinin verdiyi tapşırıq və tövsiyələr əsasında fəaliyyət göstərib.

Diqqətə çatdırılıb ki, hesabat dövründə şəxsi heyətlə təlim-tərbiyə işinin aparılması, gənc əməkdaşların peşə vərdişlərinin artırılması, onlarda dövlətə və dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hisslərinin formalaşdırılması, nizam-intizama və qanunçuluğa ciddi əməl edilməsi istiqamətində həyata keçirilən tədbirlərdə veteranların yaxından iştirakı təmin olunub. Onların təhsil müəssisələrində, müxtəlif mərasimlərdə, kütləvi tədbirlərdə ictimaiyyət nümayəndələri qarşısında çıxışları təşkil edilib. Veteranlar ictimai təhlükəsizliyin təmin edilməsinə, cinayətlərin profilaktikası və açılmasına, əhali arasında hüquqi maarifləndirmə tədbirlərinə və digər işlərə də cəlb olunublar.

Məruzə ətrafında şəhər və rayon polis şöbələri veteranları şuralarının sədrləri, Şərur və Babək Rayon Polis şöbələrinin rəisləri çıxış ediblər. Sonra qərar layihəsi oxunub.

Nazir, general-leytenant Fazil Ələkbərov çıxışında bildirib ki, şərəfli xidmət, rəşadətli döyüş yolu keçərək “veteran” adını qazanmış belə insanlara böyük dəyər verən Ali Məclisin Sədri Vasif Talıbov onların xidmətini yüksək qiymətləndirərək deyib: “Bu şəxslərin Vətən yolunda göstərdikləri xidmətlər digər insanla üçün də nümunədir, onlar yalnız bir amal – Vətən yolunda xidmət etmişlər Ona görə də müvafiq kateqoriyadan olan insanlar ölkəmiz və xalqımız qarşısındakı xidmətlərinə görə dövlətimizin himayəsi və qayğısı altında yaşayacaqlar”.

Qeyd olunub ki, nazirlik sistemində həyata keçirilən struktur islahatlarının tərkib hissəsi olaraq daxili işlər orqanlarında polis veteranları ilə aparılacaq işin təşkili və veteranlarla qarşılıqlı fəaliyyətin aktiv mərhələyə keçirilməsi əsas hədəflərdən biri kimi qarşıya qoyulub.

“Hesabat dövründə polis veteranları daxili işlər orqanlarına yaxından kömək edərək bir sıra istiqamətlər üzrə ardıcıl fəaliyyət göstəriblər. Xüsusilə inzibati hüquqpozmalar, münaqişəli ailələr, təmizlik-abadlıq işləri, əhalidə olan silahların yığılması və sair istiqamətlərdə aparılan işlərdə xüsusi aktivlik hiss olunmaqdadır”, - deyən nazir vurğulayıb ki, Veteranlar şuraları və ərazi polis orqanlarının müvafiq xidmətləri daxili işlər orqanlarından təqaüdə buraxılmış bütün polis əməkdaşlarının qarşılıqlı birgə fəaliyyətə cəlb olunması üçün tədbirləri davam etdirməli və onların hamısı ilə sıx əlaqə yaradılmalıdır. Bu məqsədlə polis orqanlarında veteranlarla mütəmadi görüşlər keçirilməli, onların sosial problemlərinin həllinə köməkliklər göstərilməlidir.

Qeyd olunub ki, polis veteranlarının imkanlarından milli və dövləti maraqların təmin olunması istiqamətində geniş istifadə edilməli, veteranlarımız mütəmadi olaraq dövlət əhəmiyyətli aktual mövzularla kütləvi informasiya vasitələrində çıxış etməlidirlər. Hamilik işinin təşkilində, peşəkar kadr potensialının formalaşdırılması və şəxsi heyət arasında psixoloji durumun daha da yüksəldilməsi istiqamətində veteranların köməyindən istifadə olunmalıdır.

Fazil Ələkbərov deyib: “Bu gün muxtar respublikanın hər bir guşəsi quruculuq-abadlıq işləri ilə əhatə olunub. Ona görə də polis veteranları fəaliyyətlərini aktiv şəkildə davam etdirməli, mövcud infrastrukturun qorunması və təmizlik işlərinin aparılmasında bilavasitə iştirak etməklə əhali arasında maarifləndirici-profilaktiki söhbətlər aparmalıdırlar. Həmçinin onlar ictimai-siyasi vəziyyətlə də ciddi maraqlanmalı, sosial şəbəkələrdə yayılan və həqiqətə uyğun olmayan məlumatların təkzib olunmasını təmin etməlidirlər. Nazirliyin Veteranlar Şurası, aid xidmət rəisləri və ərazi polis orqanlarının rəisləri veteranlarla qarşılıqlı birgə fəaliyyətin səmərəli təşkili istiqamətində lazımi tədbirləri həyata keçirməlidirlər”.

Nazir Naxçıvan Muxtar Respublikasında veteranlarla aparılan işin Ali Məclisin Sədri Vasif Talıbovun xüsusi nəzarəti, diqqət və qayğısı ilə əhatələndiyini qeyd edib, bu işin səmərəliliyinin daha da artırılmasının vacibliyini vurğulayıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda fəaliyyəti ilə fərqlənən polis veteranları mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.