ORDU
Veteranlar da “Əsgərə məktub” layihəsinə qoşulub
Bakı, 9 may, AZƏRTAC
“Vətən Uğrunda!” səyyar təşviqat dəstəsinin ön xətdə xidmət edən hərbi qulluqçulara mənəvi dəstək olmaq, ictimaiyyətlə ordu arasında əlaqələrin gücləndirilməsinə töhfə vermək məqsədilə keçirdiyi “Əsgərə məktub” layihəsinə müharibə veteranları da qoşulublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Böyük Vətən müharibəsində Qələbənin 73-cü ildönümü münasibətilə Şəmkir Rayon İcra Hakimiyyətinin və Gəncə Qarnizonu Zabitlər Evinin birgə təşkilatçılığı ilə Şəmkirdə növbəti tədbir keçirilib.
Tədbir çərçivəsində görülən işlər və həyata keçirilən fəaliyyətlər barədə videoçarx nümayiş etdirilib.
Müharibə veteranları, Şəmkir Rayon İctimaiyyəti və məktəblilər videogörüntü vasitəsilə və yazılı şəkildə Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə xoş arzularını çatdıraraq daim onlara dəstək olduqlarını vurğulayıblar. Məktublar “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi tərəfindən ön xətdə xidmət edən əsgərlərə çatdırılacaq.
Tədbir hərbi orkestrin ifa etdiyi marşlarla müşayiət olunub.