CƏMİYYƏT
Veteranlar ictimai-siyasi proseslərdə və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirak edirlər
Bakı, 20 sentyabr, AZƏRTAC
Respublika Veteranlar Təşkilatının sədri, general polkovnik Tofiq Ağahüseynov və təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov Şəki şəhərində Şəki və ətraf rayonların veteran təşkilatlarının nümayəndələri ilə görüş keçiriblər.
Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, müharibə, əmək veteranlarının, ziyalıların və yerli dövlət orqanlarının nümayəndələrinin iştirak etdikləri görüşdə veteran təşkilatlarının fəaliyyəti, onların qarşısında duran vəzifələr və yerli icra hakimiyyəti orqanları ilə birgə işin daha da səmərəli təşkilində bu təşkilatlara lazımi köməkliyin göstərilməsi və sair məsələlər müzakirə edilib.
Şəki Şəhər Veteranlar Təşkilatının sədri Mustafa Əhmədov tədbirdə çıxış edərək görülən işlər, veteran təşkilatının fəaliyyətinin daha da canlandırılması, xüsusilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi sahəsində qarşıda duran vəzifələr, digər planlar barəsində ətraflı məlumat verib. Qeyd edib ki, ölkəmizin hər yerində olduğu kimi, Şəkidə də veteranlara dövlət tərəfindən diqqət və qayğı göstərilir. Şəki Şəhər Veteranlar Təşkilatında yaradılmış şərait yüksək səviyyədədir. Veteranlar ictimai-siyasi proseslərdə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirak edirlər. Onlar daim xalqımıza, dövlətimizə sadiqdir və bunu əməlləri ilə göstərir və hər zaman göstərəcək.
Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov veteranların qarşısında duran vəzifələrdən və gənc nəslin vətənpərvərlik tərbiyəsində onların daha yaxından iştirak etmələrinə dair tövsiyələrini verib.
Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov ölkəmizdə müasir, güclü ordunun qurulması, eləcə də Respublika Veteranlar Təşkilatının ölkə həyatında yaxından iştirakı barədə məlumat verib. O, Şəkinin, eləcə də ətraf rayonların ziyalı və veteranlarının bu işlərdə rolunu yüksək qiymətləndirib.
Çıxış edən veteran və ziyalılar bundan sonra da veteran hərəkatının gücləndirilməsi üçün səy göstərəcəklərinə əminliklərini bildiriblər.
Sonra Tofiq Ağahüseynov və təşkilatın sədr müavini Şəkinin qəhrəmanlıq simvolu sayılan Əhmədiyyə Cəbrayılovun və oğlu Mikayıl Cəbrayılovun yaşadıqları ev-muzeyinə gələrək onların həyat və fəaliyyətlərini əks etdirən eksponatlarla tanış ediliblər. Bu insanların gənc nəslə nümunə olan qəhrəmanlıqlarının tanıdılması üçün lazımi tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.
Səfər çərçivəsində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla veteranların görüşü də keçirilib. Elxan Usubov veteranlara diqqət və qayğı göstərilməsinin, onların sosial problemlərinin həllinin qarşıda duran əsas vəzifələrdən biri kimi səciyyələndirib. Veteranların gənclərin tərbiyəsində, ümumən rayonun ictimai-siyasi həyatında yaxından iştirakına xüsusi önəm verildiyini bildirib. Tofiq Ağahüseynov Şəkinin veteran hərəkatında ən qabaqcıl rayonlardan biri olduğunu diqqətə çatdırıb. Şəhər Veteranlar Təşkilatının dövlət və yerli orqanlarla əməkdaşlığının gələcəkdə daha yüksək səviyyəyə qaldırılacağına inamını ifadə edib və veteranlara göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.