REGİONLAR
Veteranlar milli ideologiyanın təbliğində gənclərimizə örnəkdir VİDEO
Xaçmaz, 12 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Oktyabrın 12-də Xaçmazdakı Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşəbbüsü ilə “Gənclər arasında milli ideologiyanın təbliği” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşan layihə çərçivəsində keçirilən görüşdə şimal bölgəsini əhatə edən altı rayondan olan müharibə veteranları, ağsaqqallar, gənclər və yerli icra strukturlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə layihənin mahiyyəti haqqında məlumat verilərək bildirilib ki, əsas məqsəd milli mənəvi dəyərlərimizin, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının cəmiyyətdə, xüsusilə də gənclər arasında təbliğ olunmasıdır. Qeyd olunub ki, dinamik inkişaf edən ölkəmizdə gənc nəslin hərbi vətənpərvərlik, dövlətçilik, milli mənəvi dəyərlərimizə hörmət ruhunda böyüməsində dövlətimizin diqqət və qayğısı ilə əhatə olunan veteranlar mühüm rol oynayır. Onlar hər bir sahədə gənclərimizə örnəkdir.
Daha sonra tədbirdə “Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Azərbaycanın ordu quruculuğu”, “Abidələr hərbi vətənpərvərlik tərbiyəsində ən təsirli, inkarolunmaz meyardır”, “Gənclərimizin milli ruhda tərbiyəsi veteranların əsas məqsədidir”, “Azərbaycan qadını müharibə illərində” və başqa mövzularda məruzələr dinlənilib.
Tədbir gənclərlə veteranlar arasına səmimi dialoq şəraitində davam etdirilib.
Layihə çərçivəsində növbəti tədbirlər Bakı şəhərində, eləcə də Ağsu və Masallı rayonlarında da təşkil olunacaq.