CƏMİYYƏT


Veteranlar şuralarının hesabat yığıncağı olub

Bakı, 21 fevral, AZƏRTAC

Bakı Şəhər Baş Polis İdarəsində bu qurumda və tabeli polis orqanlarında fəaliyyət göstərən veteranlar şuralarının hesabat yığıncağı keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xocalı faciəsinin 27-ci ildönümü ərəfəsinə təsadüf edən tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Bakı Şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işi üzrə müavini, polis general-mayoru Elxan Həsənov paytaxt ərazisində ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında polis veteranlarının köməyindən səmərəli şəkildə istifadə edilməsinin DİN və Baş İdarə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılan məsələlərdən olduğunu bildirib. Vurğulanıb ki, cinayətkarlığa qarşı mübarizədə zəngin peşə təcrübəsinə malik olan veteranların köməyi sayəsində əldə edilən müsbət nəticələr paytaxt sakinlərinin əmin-amanlığı, təhlükəsizliyi məqsədilə polis tərəfindən həyata keçirilən tədbirlərə təsir edir.

Baş İdarənin Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Emin Məmmədov ötən il polis veteranlarının köməyi ilə açılan cinayət işləri barədə məlumat verib. O, Baş İdarə və tabeli ərazi polis orqanları rəislərinin şəxsi heyətlə iş üzrə köməkçiləri, Narkotiklərlə Mübarizə, İctimai Təhlükəsizlik və Dövlət Yol Polisi idarələrinin əməkdaşlarının iştirakı ilə hesabat dövründə ümumilikdə isə 1142, o cümlədən təhsil müəssisələrində 412, gənc əməkdaşlarla 353, əhali ilə 377 tədbirin keçirildiyini bildirib. O, veteranların məsləhət və tövsiyələri ilə ötən il 1220 cinayətin, o cümlədən 114 xırda talama faktının açılmasına müvafiq kömək göstərildiyini deyib.

DİN Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Fərhad Süleymanov da cinayətkarlığa qarşı mübarizədə veteranların təcrübəsindən istifadə olunmasının əhəmiyyətindən danışıb, həmçinin yerlərdə gənc polis əməkdaşları ilə, təhsil müəssisələrində məktəblilərlə görüşlərin keçirilməsi, maarifləndirici, vətənpərvərlik mövzularında tədbirlərin təşkili məsələlərinə toxunub. Şura sədri qeyd edib ki, uzun illər nazirliyin fəaliyyətində, ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, gənc əməkdaşların vətənpərvər ruhda formalaşmasında, onlara dövlətə və dövlətçiliyə sədaqət hissinin aşılanmasında polis veteranlarının üzərinə mühüm vəzifələr düşür.

Baş idarə rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev isə vətənpərvərlik hisslərinin və peşə təcrübəsinin gənc əməkdaşlara aşılanması məqsədilə qarşıda duran vəzifələr barədə məlumat verib. Yetkinlik yaşına çatmayanlar arasında narkomaniyaya qarşı mübarizə sahəsində hüquqazidd əməllərin profilaktikasının təmin edilməsi, əhali arasında maarifləndirmə işləri ilə bağlı yığıncaqlarda polis veteranları ilə görüşlərin təşkili, cəmiyyətdə polis haqqında müsbət rəyin formalaşmasında iştirak etmələri, cinayətkarlığa qarşı mübarizədə onların tövsiyə və peşə biliklərindən istifadə olunması və digər məsələlər haqqında danışıb.

Tədbir iştirakçılarının diqqətini Xocalı soyqırımına çəkən polis polkovniki Əli Vəliyev xalqımıza qarşı həyata keçirilən faciədən, onun tarixi-siyasi səbəbləri və nəticələrindən ətraflı bəhs edib, indiki və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşması, bir daha belə halların yaşanmaması üçün milli birliyin, ictimai təhlükəsizliyin qorunub saxlanılmasının, bundan ötrü də hər bir veteranın, hər bir əməkdaşın ümumi rəhbərlik ətrafında birləşməsinin zəruriliyini vurğulayıb.

Tədbirdə, həmçinin istefada olan polis polkovnikləri Zakir Əhmədov, Ələsgər Bədəlov, Xalid Səfərəliyev, Maksim Qədirov və başqaları çıxış edərək, polis-vətəndaş münasibətinin, vətəndaş məmnunluğunun, ictimai əlaqələrin yüksək səviyyədə təşkil olunmasından danışıb, təkliflər səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.