CƏMİYYƏT


Vetsriqa qədim şəhərsalmanın parlaq və bənzərsiz şah əsəridir VİDEO

Riqa, 5 oktyabr, AZƏRTAC

Köhnə Riqa (Vetsriqa) Latviya paytaxtının ən qədim hissəsi və tarixi mərkəzidir.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 1997-ci ildə UNESCO-nun ümumdünya irs siyahısına daxil edilən Vetsriqa turistlərin istirahət və əyləncəsi üçün ən sevimli məkan hesab edilir.

Xeyli sayda daş döşənmiş dar küçələrə və fərqli arxitekturaya sahib olan köhnə Riqa müxtəlif tikililərlə xarakterizə olunur. Tikililərin əksəriyyəti mədəniyyət abidələri statusuna malikdir. XIII əsrdə inşa edilmiş ən qədim daş ev məhz burada yerləşir.

Vetsriqanın arxitekturasında müxtəlif cərəyanlar − romantika və qotika, barokko və klassizm üslubunda tikilən binalar, modernizm nümunələrini təsvir edən 500-dən çox bina var. Latviyanın müstəqilliyi bərpa olunandan sonra onun tarixi simasını bərpa etmək üçün köhnə Riqadakı binaların çoxunda yenidənqurma işləri aparılıb, yaxud onlar yenidən inşa olunub. Köhnə Riqada ən möhtəşəm binalar “Dom baş” kilsəsi və “Müqəddəs Pyotr” kilsəsidir. “Müqəddəs Pyotr” kilsəsinin 72 metr yüksəklikdə yerləşən müşahidə göyərtəsində Riqanın möhtəşəm mənzərəsi açılır.

Köhnə Riqa təkcə orta əsrlərə aid möhtəşəm evlərdən deyil, həm də unikal dini mahiyyətdə olan tikililərdən ibarətdir. Bir vaxtlar sürətlə böyüyən şəhərdəki evlər mahir ustaların və sənətkarların gildiyaları (orta əsrlərdə Qərbi Avropada: tacirlər və ya sənətkarlar ittifaqı) tərəfindən ucaldılıb. Vetsriqa qədim şəhərsalmanın parlaq və bənzərsiz şah əsəridir.

Orta əsrlərdə zəngin Riqa sakinlərinin həyatına həsr edilmiş sərginin təşkil edildiyi Danenştern evi, “Üç qardaş” yaşayış kompleksi, “Riqa qalası”, “Barıt qülləsi” və digər tarixi, memarlıq abidələri şəhərin görməli yerləri siyahısına daxil etmək olar. Köhnə Riqanın küçə və meydanlarında hər zövqə uyğun xeyli sayda restoran və kafe var.

Qeyd edək ki, Latviyanın paytaxtı və Baltikyanı bölgədə ən böyük şəhər olan Riqanın əsası XII əsrin əvvəlində qoyulub. Bu müddətdə şəhər çox kataklizmlərlə üzləşib. Təkcə son 100 ildə - 1991-ci ildə Latviya dövlət müstəqilliyini bərpa edənə qədər Riqa bir neçə dəfə işğal edilib, dağıntılara məruz qalıb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.