CƏMİYYƏT


Vəzifəli şəxsin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi başlanıb

Bakı, 23 yanvar, AZƏRTAC 

Pandemiya dövründə COVID-19 virusunun yayılmasının qarşısının alınması, onun törədə biləcəyi fəsadların aradan qaldırılması və bu kimi əhalinin sağlamlığının qorunmasına yönəlmiş effektiv dövlət siyasətinə yol verdikləri korrupsiya hüquqpozmaları ilə ziyan vuran vəzifəli şəxslərin ifşa olunması istiqamətində prokurorluq orqanlarının kompleks tədbirləri davam etdirilir.

Baş Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, belə tədbirlərdən biri kimi, Salyan Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri barədə toplanmış materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə İntiqam Abuşovun rəhbərlik etdiyi Mərkəzdə işləyən həkim heyətinə COVID-19 pandemiyası ilə əlaqədar əlavə hesablanan əməkhaqlarının bir qismini qeyri-qanuni yolla onlardan tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub. Bundan başqa, araşdırmalar zamanı İntiqam Abuşovun tabeliyində işləyən bir neçə işçi ilə qanunsuz olaraq əvvəlcədən razılaşaraq, onlara məxsus əməkhaqqı kartlarını özündə saxlamaqla, həmin şəxslərə köçürülən aylıq məvacibləri əldə etməsinə, eləcə də tabeçiliyindəki əməkdaşların mütəmadi olaraq işə gəlməməklə əmək stajının hesablanması şəraitinin yaradılması müqabilində 2013-2020-ci illər ərzində müxtəlif məbləğlərdə pul vəsaitini şəxsən və ya vasitəçidən istifadə etməklə onlardan rüşvət qismində almasına da əsaslı şübhələr müəyyənləşdirilib.

Hazırda cinayət işi üzrə İntiqam Abuşovun digər qanunsuz hərəkətlərinin aşkarlanması, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin və vurulmuş ziyanın tam həcminin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

İstintaqın nəticəsindən asılı olaraq İntiqam Abuşovun və digər vəzifəli şəxslərin əməllərinə hüquqi qiymət veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.