CƏMİYYƏT


Vəzifəli şəxslər rüşvət alarkən cinayət başında yaxalanıblar

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərkən xəsarət almış şəxslərin sosial və hüquqi müdafiəsinin təmin edilməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması üçün ölkə rəhbərliyi tərəfindən həyata keçirilməkdə olan ardıcıl və kompleks islahatlara baxmayaraq, şəxsi maraqları naminə vətəndaşların hüquqlarını pozan, xidməti vəzifələrindən sui-istifadə etməklə onlara süni maneələr yaradan vəzifəli şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilmələri məqsədilə prokurorluq orqanları tərəfindən həyata keçirilən qətiyyətli tədbirlər davam etdirilməkdədir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu cür tədbirlərdən biri kimi Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin Xaçmaz filialının direktoru Dəmirov Fərhad Ağamurad oğlunun sığorta ödənişinin verilməsi üçün Xaçmaz rayon sakini Məlikov Asif Məcid oğlundan 1200 manat məbləğində pul vəsaitini istəməsi barədə müraciət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Bununla bağlı keçirilmiş əməliyyat tədbirləri zamanı Fərhad Dəmirov noyabrın 17-də 1200 manat məbləğində pul vəsaitini filialın inzibati binasında baş mütəxəssis vəzifəsində çalışmaqla sürücüsü olan Qeybullayev Şəhriyar Mehman oğlu vasitəsilə alan zaman onunla birlikdə cinayət başında yaxalanıb. Onun xidməti otağına baxış zamanı oradan müxtəlif sənədlər və 8 ədəd bank kartı aşkarlanaraq götürülüb.

Aparılmış araşdırmalarla, 1994-cü il aprelin 19-da Ağdam rayonunun Güllücə kəndi ətrafında gedən döyüş zamanı yaralanmış, 2003-cü il sentyabrın 17-də ehtiyata buraxılmış və 2013-cü il oktyabrın 25-də Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının qərarına əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma alması barədə rəy verilmiş Asif Məlikova 6600 manat məbləğində icbari sığortanın ödənilməsi haqqında Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarının icra edilməsi müqabilində Dövlət Sığorta Kommersiya Şirkətinin Xaçmaz filialının direktoru Fərhad Dəmirovun 2020-ci ilin noyabr ayının əvvəllərində Asif Məlikovdan 1200 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməklə, 2020-ci il noyabrın 17-də filialın inzibati binasında baş mütəxəssis vəzifəsində çalışan Şəhriyar Qeybullayev vasitəsilə Asif Məlikovdan həmin pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyənləşdirilib.

Toplanmış material üzrə noyabrın 17-də Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Fərhad Dəmirov və Şəhriyar Qeybullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması məqsədilə zəruri istintaq hərəkətlərinin həyata keçirilir.

Fəaliyyətlərində yol verdikləri qanunsuzluqlarla dövlət orqanlarının nüfuzuna xələl gətirən, onların uğurlu fəaliyyətinə kölgə salan vəzifəli şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində müvafiq tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.