SİYASƏT
Videokonfrans: 14 iyul 1969-cu il milli tariximizin unudulmaz günüdür
Bakı, 11 iyul, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbər təyin olunmasının ildönümü münasibətilə “14 iyul 1969-cu il - milli tariximizin unudulmaz günü” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, videokonfrans formatında keçirilən görüşü açıq elan edən YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov otuz ildən artıq müddətdə Azərbaycan dövlətçiliyinin taleyinin dahi və uzaqgörən şəxsiyyət, xalqını və vətənini canından artıq sevən ən böyük azərbaycanlı Heydər Əliyevlə bağlı olduğunu bildirib.
“1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması ilə respublikamızın tarixində, xalqımızın taleyində ciddi dönüşün əsası qoyuldu. Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzar mühit, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın Sovet İttifaq miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan verdi. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycanın indiki siyasi və iqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası hələ ötən əsrin 70-80-ci illərində təməli Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır. Bir sözlə, Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq əbədiyaşarlıq qazanıb.
Ümummilli lider Heydər Əliyevin ideyaları Prezident İlham Əliyev tərəfindən, Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyası tərəfindən uğurla davam etdirilir. Azərbaycanın sosial-iqtisadi inkişafı bu gün, ilk növbədə, insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. Prezident İlham Əliyevin yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi ölkəmizin hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. Bu gün Prezidentin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür”, – deyə bildirilib.
Tədbirdə çıxış edən digər iştirakçılar – Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov, veteran neftçi Səməd Əhmədov Ulu Öndərin Pirallahı qəsəbəsinə gəlişi zamanı neftçilər və rayon ictimaiyyəti ilə görüşündən xatirələrini danışaraq qeyd ediblər ki, Heydər Əliyev Azərbaycan tarixində özünəməxsus yer tutan elə nadir şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaq. O, xalqımızın müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanıb.
YAP Pirallahı rayon təşkilatı sədrinin müavini Əli Kərimov, 186 nömrəli tam orta məktəbin direktoru Şakir Mikayılov, 235 nömrəli tam orta məktəbin tarix müəllimi Türkan Məmmədova və digərləri də vurğulayıblar ki, Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb və gələcəyə aparan yolları müəyyən edib. Buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunub.