ELM VƏ TƏHSİL
Videokonfrans: Azərbaycan milli mətbuatı XIX-XX əsrlərdə
Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi və Türk dünyası iqtisad fakültəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan milli mətbuatı - XIX-XX əsrlər” mövzusunda videokonfrans keçirilib. Tədbir Azərbaycanda milli mətbuatın yaradılmasının 145 illiyinə həsr edilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, konfransda Azərbaycan dili kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli çıxış edib. O bildirib ki, bu tarixi günlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun zəfəri xalqımızı qürurlandırıb, cəbhədə qazanılan uğurlar, informasiya müharibəsində əldə edilən nailiyyətlər hər kəsi sevindirib.
Vurğulanıb ki, Prezident İlham Əliyev xarici KİV-lərə verdiyi müsahibələrdə yüksək intellekt, məlumatlılıq, natiqlik bacarığı, diplomatik məharət nümayiş etdirib.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid müstəqillik illərində Azərbaycan mətbuatına göstərilən dövlət qayğısından danışıb.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun mətbuat katibi İlkin Nadirov son aylar həyata keçirilən tədbirlər barədə məlumat verib.
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktor müavini, dosent Aytən Hüseynli, Türk dünyası iqtisad fakültəsinin dekanı Yusif Əliyev və kafedra müdiri, dosent Oqtay Quliyev milli və bəşəri dəyərlərin təbliğində Azərbaycan mətbuatının müstəsna rolundan danışıblar.
Vətən müharibəsi dövründə jurnalistlərin cəsarətli, operativ və qərəzsiz məlumatları Azərbaycan xalqına çatdırmaları konfransın əsas müzakirə mövzularından olub.