REGİONLAR
Videokonfransda əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun misilsiz şücaətlərindən söz açılıb
Şəki, 29 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Şəki şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən videokonfransda İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun qəhrəmanlıqlarından ətraflı bəhs olunub.
Konfransda Balakən, Zaqatala, Qax, Oğuz və Neftçala rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin rəhbər və əməkdaşları, qəhrəmanın oğlu Cavanşir Cəbrayılov iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn formatda keçirilən konfransı Şəki şəhər Heydər Əliyev Mərkəzinin direktoru Rəşadət Sadıqov açaraq, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən xüsusi Sərəncam imzalandığını diqqətə çatdırıb. Bildirilib ki, Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərib, rəşadətli döyüş yolu keçib. 1941-ci ildə müharibənin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak edib. Əfsanəvi partizanın yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilib, o, Fransa dövlətinin orden və medalları ilə təltif edilib.
Sonra konfrans iştirakçıları Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan sərgiyə virtual ekskursiya edib, mərkəzin əməkdaşlarının araşdırmaları əsasında hazırlanan videoçarxa baxıblar.
Konfransın sonunda partizanın oğlu Cavanşir Cəbrayılov iştirakçılara atasının rəşadətli döyüş yolundan, Fransa Müqavimət hərəkatında fəal iştirakından, qəhrəmanlıqlarından danışıb.