ELM VƏ TƏHSİL


“Vikipediya” könüllülərindən maraqlı məqalə: Anqola prezidentinin müəllimi Dursun Hümbətov kim olub?

Bakı, 17 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Anqola prezidentinin azərbaycanlı müəllimi Dursun Hümbətov haqqında məqalə yaradılıb.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, məqalədə D.Hümbətovun həyat və fəaliyyəti barədə məlumat verilir. Bildirilir ki, Dursun Hümbətov (Şahzeynallı) 1930-cu il martın 10-da Gürcüstanın Marneuli rayonunun Qurdlar kəndində anadan olub. O, 1945-ci ildə səkkizillik kənd orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra orta təhsilini Marneuli şəhərindəki Pedaqoji Texnikumda davam etdirib. 1949-cu ildə isə texnikumu fərqlənmə diplomu ilə bitirərək V.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) fizika-riyaziyyat fakültəsinə qəbul olunub.

Dursun Hümbətov alim kimi fəaliyyətini 1964-1966-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda kiçik elmi işçi vəzifəsində başlamış, sonra isə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) fizika kafedrasında assistent vəzifəsinə keçərək ömrünün axırına kimi bu nüfuzlu təhsil ocağında elmi-pedaqoji fəaliyyətini davam etdirib. O, 50-dən çox elmi məqalə, monoqrafiya və dərs vəsaitlərinin müəllifi olub, alimin rəhbərliyi ilə onlarca elmlər namizədi yetişib. O, həmçinin Azərbaycan Neft-Kimya İnstitutunda xarici tələbələr fakültəsində fizika fənnini yüksək səviyyədə tədris edib. Görkəmli alimin tələbələri sırasında Anqolanın prezidenti Joze Eduardo duş Santoş (Jose Eduardo dos Santos) və bir sıra Afrika, Asiya ölkələrinin yüksək vəzifəli şəxsləri də olublar.

Məqalə ilə daha ətraflı bu linkdə tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.