ELM VƏ TƏHSİL
“Vikipediya” təlimlərində iştirak edən diaspor könüllüsü fəxri diplomla təltif olunub
Bakı, 7 oktyabr, AZƏRTAC
“Qorqud” Vikipediya Metodik Klubunun “Vikipediya” təlimlərində iştirak edən Azərbaycan Diaspor Könüllülərinin üzvü Günay Allahverdiyeva "Qorqud" Vikipediya Metodiki Klubunun fəxri diplomuna layiq görülüb.
Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
O bildirib ki, Günay Allahverdiyeva təlimlərdə fəal iştirak edib və platformada yeni məqalələrin yerləşdirilməsinə nail olub. Vətən müharibəsində gənclərimizin qəhrəmanlığı hesabına qələbə qazandığımız kimi, əminik ki, informasiya savaşında da haqq səsimizi dünyaya gənc nəsil çatdıracaq. “Qorqud” Vikipediya Metodik Klubu yarandığı 10 ay ərzində “Vikipediya” təlimlərinə xüsusi önəm verir. İntellektual, yaradıcı gənclərin təlimlərdə iştirakı ilə bağlı klubun təşəbbüskarı Milli Məclisin deputatı Elnur Allahverdiyev tərəfindən öz feysbuk hesabında maarifləndirici paylaşımlar edilir. Cəmiyyətdə gənclər arasında “Vikipediya”ya maraq artmaqdadır. Bu günə qədər klub tərəfindən bir sıra qruplara uğurlu təlimlər keçirilib və proses davam etdirilir.