ELM VƏ TƏHSİL
“Vikipediya”da İçərişəhərin tarixi ilə bağlı məqalələr zənginləşdiriləcək
Bakı, 2 iyun, AZƏRTAC
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "İçərişəhər" Muzey Mərkəzinin baş mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Günay Həsənova Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının onlayn "Vikipediya" təlimlərində iştirak edib.
Gənc alim Günay Həsənova AZƏRTAC-a açıqlamasında bildirib ki, “Vikipediya”da İçərişəhərin tarixi ilə bağlı məqalələr zənginləşdiriləcək və yeniləri yaradılacaq.
“Təlimlərin keçirilməsindən məmnunam. “Vikipediya”nın qaydaları Mərkəzi Elmi Kitabxananın təlimçiləri tərəfindən peşəkar səviyyədə tədris edilir. İçərişəhərin tarixi, aparılan arxeoloji qazıntılar, fəaliyyət sahəsi barədə məlumatları etibarlı mənbələrlə zənginləşdirməyi düşünürəm. “Vikipediya” tariximizi, dəyərlərini təbliğ etmək və tanıtdırmaq üçün yaxşı vasitədir”, – deyə Günay Həsənova qeyd edib.
Xatırladaq ki, təlim Mərkəzi Elmi Kitabxananın təlimçisi Səbinə Abızadə tərəfindən keçirilib.