ELM VƏ TƏHSİL
“Vikipediya”da Milli Qəhrəman Rövşən Əliyev haqqında ingilis dilində məqalə yaradılıb
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları haqqında müxtəlif dillərdə məqalələrin yaradılması prosesi uğurla davam edir.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, “Vikipediya”da Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Rövşən Əliyev haqqında ingilis dilində məqalə yerləşdirilib. Məqalədə qəhrəmanın həyatı və keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilir. Bildirilir ki, R.Əliyev Ağdamda yaradılmış milli müdafiə taborunda döyüş meydanına atılır. O, Sırxavənd, Qazançı kəndlərinin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə yaxından iştirak edir. Cəsur döyüşçü 1992-ci ilin martında yeni tapşırıq alır: “Əsgərlərimiz Muğanlı, Şıxbabalı yüksəkliklərində mövqe tutmalıdır”. Bütün əmr və tapşırıqları layiqincə yerinə yetirən Rövşən Əliyev 1992-ci il iyunun 14-də Xocalı rayonunun Dəhrəz kəndində gedən döyüşlərdə həlak olur.
Məqalə ilə daha ətraflı bu linkdə https://en.m.wikipedia.org tanış olmaq mümkündür.