ELM VƏ TƏHSİL
“Vikipediya”da “Susuzluq kəndi yaxınlığında partlayış” adlı məqalə yaradılıb
Bakı, 5 iyun, AZƏRTAC
“Qorqud” Vikipediya Metodik Klubu tərəfindən “Vikipediya”nın müxtəlif dil bölmələrində Qarabağ həqiqətləri və Ermənistanın terror siyasəti ilə bağlı məqalələrin yaradılması prosesi davam etdirilir.
Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
O bildirib ki, “Vikipediya”nın Azərbaycan, türk və rus dili bölmələrində işğaldan azad olunmuş Kəlbəcər rayonunda iyunun 4-də xidməti vəzifələrini yerinə yetirən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov, “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin həlak olması, digər 4 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə əlaqədar “Susuzluq kəndi yaxınlığında partlayış” adlı məqalə yaradılıb. Məqalədə qeyd olunub ki, bu, İkinci Qarabağ müharibəsi dövründə döyüşlərin getmiş olduğu ərazidə jurnalist ölümü ilə bağlı ilk haldır.
Məqalə “Vikipediya”nın Azərbaycan və türk dilləri bölmələrində “Qorqud” Vikipediya Metodik Klubunun eksperti Ayxan Zayıdzadə, rus dil bölməsində isə könüllü tərəfindən yaradılıb. Hər üç məqalədə partlayış haqqında ətraflı məlumat verilir. Bu haqda məqalə yaxın günlərdə başqa xarici dillərdə də yaradılacaq.
Xatırladaq ki, “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.