ELM VƏ TƏHSİL


“Vikipediya”da görkəmli geoloq və neftçi Oqtay Qasımov haqqında məqalə yaradılıb

Bakı, 20 avqust, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən görkəmli geoloq, neftçi Oqtay Qasımov (1934-2002) haqqında məqalə yaradılıb.

MEK-dən AZƏRTAC-a bildirilib ki, məqalədə görkəmli neftçinin həyatı və elmi fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Oqtay Qasımov dənizdə neft və qaz kəmərlərinin çəkilişi, dəniz estakadalarının qurulması sahəsində ilk azərbaycanlı mütəxəssislərdən hesab olunub. Dəfələrlə verdiyi səmərəli təkliflər bu sahədə işin daha etibarlı qurulmasına böyük kömək göstərib. Oqtay Qasımov SSRİ Qaz Sənayesi Nazirliyində tikinti-quraşdırma idarəsinin rəisi vəzifəsində çalışarkən Qara dənizdə ilk neft kəmərinin çəkilişinə, Baltik dənizində quyuların qazılması üçün özüllərin qoyulmasına, Oxot dənizində sualtı neft və qaz kəməri çəkilişinə rəhbərlik edib.

Şimali Rumeyla neft sənayesinin ikinci növbəsinin tikintisində göstərdiyi şücaətə görə onun adı 1972-ci ildə keçmiş SSRİ-nin İraqdakı səfirliyi tərəfindən “Şərəf kitabı”na yazılıb. İraqın ovaxtkı prezidenti Əhməd Həsən əl-Bəkr Oqtay Qasımova ölkənin ali mükafatı olan “Qızıl orden”i şəxsən təqdim edib. Qara dənizdə ilk qaz kəmərinin çəkilişindəki xidmətlərinə görə azərbaycanlı neftçi Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Qızıl medalı” ilə təltif olunub. Oqtay Qasımov, həmçinin Vyetnamın “Dostluq” ordeninə layiq görülüb. Ona dəfələrlə keçmiş SSRİ Qaz Sənayesi Nazirliyi tərəfindən “Sosializm yarışının qalibi” adı verilib.

Məqalə ilə daha ətraflı qeyd olunan linkdə tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.