ELM VƏ TƏHSİL
“Vikipediya”da görkəmli kimyaçı alim Tofiq Süleymanov haqqında məqalə yaradılıb
Bakı, 21 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən görkəmli kimyaçı alim, professor Tofiq Süleymanov (1941-2018) haqqında məqalə yaradılıb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, məqalədə alimin həyatı və elmi fəaliyyəti, əsərləri, beynəlxalq konfranslarda iştirakı barədə məlumat verilib.
Qeyd olunub ki, 1941-ci ildə Cəbrayıl rayonu Karxulu kəndində anadan olan Tofiq Süleymanov ali təhsilini fərqlənmə diplomu ilə bitirib. Kimya elminə olan maraq onu AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna gətirib və burada kiçik elmi işçi vəzifəsində fəaliyyətə başlayıb.
Alimin elmi-tədqiqat işləri müasir texnikanın müxtəlif sahələrində, cihazqayırma, gəmiqayırma, maşınqayırma və hərbi sənayedə, xüsusən hərbi texnikada fotoqəbuledici cihazların istehsalında tətbiq edilib, 15-dən çox elmi ixtirasına müəlliflik şəhadətnaməsi verilib. Bir neçə il ardıcıl olaraq keçirilən hərbi-elmi sınaqlardan sonra SSRİ Kəşflər və İxtiralar Komitəsi alimin yeni metodlarına patentlər verərək qeydə alıb. Tofiq Süleymanovun əldə etdiyi elmi kəşflər məhz SSRİ Müdafiə Nazirliyi tərəfindən gizli kod altında həyata keçirilən hərbi silahların hazırlanmasında istifadə edilib. O, dörd Azərbaycan və üç Rusiya patentinin, beş monoqrafiya, çoxlu elmi-metodik kitabların, məqalələrin, eləcə də dərs vəsaitlərinin müəllifi olub. Ömrünü elmə həsr etmiş kimya elmlər doktoru, professor Tofiq Süleymanov bir sıra beynəlxalq forum, konfrans və simpoziumlarda iştirak edib.
Tofiq Süleymanovun kimya və hərbi sənaye sahəsində kəşf və ixtiraları, elmi uğurları bir çox beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallara layiq görülüb, müxtəlif diplom və fəxri mükafatlarla təltif olunub.
Məqalə ilə daha ətraflı qeyd olunan linkdə tanış olmaq mümkündür: