ELM VƏ TƏHSİL
“Vikipediya”da şəhid general Polad Həşimov haqqında xarici dillərdə məqalə yaradılıb
Bakı, 14 sentyabr, AZƏRTAC
“Vikipediya”nın müxtəlif xarici dil bölmələrində Azərbaycanın görkəmli şəxsiyyətləri, tanınmış elm və incəsənət xadimləri, Milli qəhrəmanları haqqında məqalə yaradılması prosesi davam edir. “Vikipediya”da şəhid generalımız Polad Həşimov haqqında polyak və özbək dillərində məqalə yaradılıb. Hər iki məqalədə Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş generalın həyatı və şücaətləri barədə məlumatlar yer alıb.
Bu barədə AZƏRTAC-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, müxtəlif dillərdəki "Vikipediya"da fəallığı artırmaq üçün xaricdə təhsil alan və yaşayan gənclərimizin potensialından yararlanmaq olar. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin "Vikipediya" könüllüləri tərəfindən ölkəmiz, tanınmış elm və mədəniyyət xadimləri, həmçinin şəhidlərimiz və Milli qəhrəmanlarımız haqqında məqalələr yaradılır. "Vikipediya"nın özbək dili bölməsində Polad Həşimov haqqında məqalə də könüllülər tərəfindən yerləşdirilib. Şəhid generalımızın həyatından bəhs edən polyak dilində məqalə isə "Vikipediya” könüllüsü, Polşa Azərbaycanlıları Şurasının üzvü, Varşava İqtisadiyyat və Humanitar Elmlər Universitetinin magistri Fəridə Əliyeva tərəfindən yaradılıb.
Polad Həşimov barədə italyan və yunan dillərindəki “Vikipediya”da da məlumatlar yerləşdiriləcək.