ELM VƏ TƏHSİL
“Vikipediya”nın italyan dili bölməsində Azərbaycanla bağlı məqalələr zənginləşdirilir
Bakı, 22 iyun, AZƏRTAC
“Vikipediya”nın xarici dil bölmələrində Azərbaycanla bağlı məqalələrin yaradılması və redaktəsi daim prioritet olub və hazırda bu proses uğurla davam etdirilir. Belə ki, könüllü gənclər ölkəmizin tarixi, mədəniyyəti və görkəmli şəxsiyyətləri haqqında çox sayda məqalə yaradaraq bu işə öz töhfələrini veriblər. “Vikipediya”nın xarici dil bölmələrində Azərbaycanla bağlı fəallığın təmin olunması əsas hədəflərdən biridir.
Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, “Vikipediya”nın italyan dili bölməsində “Qorqud” Vikipediya Metodik Klubunun eksperti Ayxan Zayıdzadə tərəfindən Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev, repressiya qurbanı, nakam şairimiz Mikayıl Müşfiq, Susuzluq kəndi yaxınlığında partlayış, Zəngəzur dəhlizi, Alxanlı faciəsi haqqında məqalələr yaradılıb və əsaslı redaktə olunub. Yaradılan məqalələrdə italyan oxucularına ətraflı məlumat verilir. Bundan sonra italyan dilində də məqalələrin zənginləşdirilməsi diqqətdə saxlanılacaq. Gələcəkdə xarici dil bölmələrində işləyəcək könüllülərə təlimlərin keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.