MƏDƏNİYYƏT


Viktor Demertaş: Aktyorlar və izləyicilər Rasim Ocaqova etibar edirdi

Kiyev, 3 dekabr, AZƏRTAC

Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, Xalq artisti Rasim Ocaqov bir çox aktyorların sənət yoluna işıq saçıb, onların tanınmasına, şöhrət qazanmasına yardımçı olub. Bir çox ölkələrdə Rasim Ocaqovun izini görmək, hiss etmək bir azərbaycanlı kimi qürurvericidir. Görkəmli kinorejissoru daha yaxşı xatırlayanlardan biri də sovet dövrünün parlayan aktyorlarından biri, Ukraynanın Xalq artisti Viktor Demertaşdır.

Rasim Ocaqovun tanınan “Bağlı qapı arxasında” filminin 71 yaşlı baş qəhrəmanı AZƏRTAC-ın xüsusi müxbiri ilə onu xatırladıqca gah gözləri dolurdu, gah da dərindən ah çəkirdi.

Almaniyada festivalda Rasim Ocaqovla tanışlığın tarixçəsi

R.Ocaqovla ilk tanışlığının 1981-ci ildə Almaniyada keçirilən festivala təsadüf etdiyini deyən V.Demertaş xatırlayır: “1981-ci ildə Almaniyada təşkil edilən festivala dəvət aldım. O vaxtı məni çox maraqlı bir insanla, sonralar birgə yaradıcılıq işlərimiz olan rejissor Rasim Ocaqovla tanış etdilər. Mən ona qədər R.Ocaqovun “İstintaq” filminə baxmışdım. Artıq o film Dövlət mükafatı almışdı, beynəlxalq festivallarda nümayiş olunmuşdu, mükafatlar qazanmışdı”.

Aktyorun sözlərinə görə, ilk tanışlıqlarında R.Ocaqov ona oxumaq üçün bir filmin ssenarisini təqdim edib: “Sonra Kiyevə qayıtdım, bir-iki həftə keçdi, iki il məzuniyyətə çıxmadığım üçün xanımımla birgə Yaltaya istirahətə getdik. İstirahətin ikinci günü mənə teleqram gəldi ki, təcili Bakıya getməlisən. Bakıda çox isti qarşıladılar, filmin yaradıcı heyəti, studiya ilə tanış etdilər. Azərbaycanlılar çox qonaqpərvər və isti münasibətli olurlar. Ancaq çox həyəcanlı idim, düşünürdüm, filmdə rolum necə alınacaq, R.Ocaqovun xoşuna gələcəkmi?. Çəkilişlər başladı, filmdə sovet kinosunun ulduzları var idi. Hamı kinoda çəkilişlərdən udmaq istəyir, uduzmaq faciə olardı. R.Ocaqov çəkilişlər zamanı yaxınlaşaraq ürəkli olmağımı xahiş etdi: “Vitya sən udacaqsan, ekranda sərbəst öz dünyanı yaşa”.

Hələ də Azərbaycanda yediyim nərə balığının qoxusu burnumdadır

Ukraynalı aktyor daha sonra qeyd edib ki, onun R.Ocaqovla yaradıcılıq münasibətləri, sonradan dostluq münasibətlərinə çevrilib. Problemli və xoş günlərimizdə bir-birimizə dəstək olmuşuq. O, məni gənc aktyor kimi Azərbaycanın gəzməli yerlərinə aparıb: “Bir dəfə restoranda oturmuşduq. Çox dadlı nərə balığı verdilər. Hələ də həmin balığın qoxusu burnumdadır. R.Ocaqov mənə dedi ki, səni tez-tez Azərbaycana dəvət edərəm, bu balıqdan yeyərsən”.

R.Ocaqovun dəyərli və peşəkar insan olduğunu deyən V.Demertaş vurğulayıb ki, ona görə də aktyorlar və izləyicilər ona etibar edirdi: “O mənə həm aktyor, həm də insan kimi çox şeyləri öyrətdi. Gənc aktyorlara çox dəstək olurdu. Təəssüf ki, indi o aramızda yoxdur. R.Ocaqov böyük yumor hissi olan şəxsiyyət idi. Çəkilişlərdən sonra şirin zarafatları olurdu, ona qulaq asmaqdan zövq alırdıq. Böyük ürəyi var idi. O işə başlayanda isə istədiyi bütün nəticəni alırdı. Ona görə də peşəkarlar ona inanırdı”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.