REGİONLAR


Viktoras Prantskietis: Azərbaycanda əlverişli biznes mühiti aqrar sahədə çoxşaxəli əməkdaşlığın qurulmasına geniş imkanlar açıb

Litva nümayəndə heyəti Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olub

Bakı, 8 noyabr, AZƏRTAC

Azərbaycanda səfərdə olan Litva Seyminin Sədri Viktoras Prantskietis noyabrın 8-də Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olub.

AZƏRTAC xəbər verir ki, Viktoras Prantskietis institutun laboratoriya və istixanalarında aparılan elmi-tədqiqat işləri ilə yaxından maraqlanıb. Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyev əvvəlcə qonağa biotexnologiya laboratoriyası haqqında məlumat verib. Bildirilib ki, bu laboratoriyada “in vitro” üsulu ilə viruzsuz tərəvəz toxumlarının istehsalı həyata keçirilir.

Qonağa məlumat verilib ki, son illər dövlət dəstəyi nəticəsində elmi-tədqiqat müəssisələrinin işinin yenidən qurulması, ən son texnoloji innovasiyaların tətbiqi sahəsində mühüm addımlar atılır. Qeyd olunub ki, institutda yaradılmış laboratoriyalar ekoloji baxımdan təmiz, virusa yoluxmayan tərəvəz toxumlarının istehsalına imkan verir.

Litva Seyminin nümayəndə heyəti institutdakı digər müasir laboratoriyaların fəaliyyəti ilə də tanış olub. Qonaqlara müasir avadanlıqların iş rejimi, gübrələmə, bitki mühafizə tədbirlərinin təşkilində tətbiq olunan innovasiya sistemləri nümayiş etdirilib.

Daha sonra nümayəndə heyəti institutun istixanalarına baş çəkib. İstixanalarda xəstəliklərdən mühafizə olunmuş şəraitdə seleksiya və toxumçuluq işləri aparılır, dörd yeni sort yaradılaraq dövlət sort sınağına təqdim olunub.

Nümayəndə heyəti Toxum Satış Mərkəzində fermerlərə təklif olunan sağlam nümunələrə də baxıblar.

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev litvalı qonaqlara ölkəmizdə həyata keçirilən aqrar siyasət, bu sahəyə dövlət dəstəyi haqqında geniş məlumat veriblər. Bildirilib ki, aqrar sahəyə birbaşa və dolayı dövlət dəstəyi sayəsində kənd təsərrüfatının bütün sahələrində ciddi artım əldə olunub, ixrac bazarlarında ölkənin mövqeyi güclənib. Azərbaycanın aqrar sektorunun xarici investisiyalar üçün cəlbedici olduğunu vurğulan İlham Quliyev litvalı iş adamlarını tərəvəzçilik, heyvandarlıq, eyni zamanda, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsində əməkdaşlığa dəvət edib.

Litva Seyminin Sədri Viktoras Prantskietis bildirib ki, son illər Azərbaycanda kənd təsərrüfatına dövlət səviyyəsində göstərilən dəstək təbirləri, xidmət və elmi təminat sisteminin təkmilləşdirilməsi maraqla izlənilir. Qeyd edib ki, Azərbaycanda əlverişli biznes mühiti digər ölkələrlə aqrar sahədə çoxşaxəli əməkdaşlığın qurulmasına geniş imkanlar açıb. Ölkəsinin Azərbaycandakı səfirliyi vasitəsilə müzakirə olunan əməkdaşlıq istiqamətlərinin inkişaf etdiriləcəyini, yaxın gələcəkdə qarşılıqlı səfərlərin təşkil olunacağını deyən Litva Seyminin Sədri, ticarət əlaqələrinin inkişafının vacibliyini diqqətə çatdırıb. O bildirib ki, litvalı alimlərin və iş adamlarının Azərbaycana səfəri təşkil olunacaq, müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı geniş müzakirələr təşkil ediləcək.

Görüşdə qarşılıqlı əməkdaşlığın bir sıra istiqamətləri ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.