İQTİSADİYYAT


Vilayət Vəliyev: “Doing Business-2019” hesabatına əsasən Azərbaycan ən islahatçı 10 ölkə siyahısındadır

Bakı, 1 noyabr, AZƏRTAC

“Doing Business-2019” hesabatına əsasən, Azərbaycan Çin, Hindistan, Əfqanıstan və Türkiyə kimi ölkələrin də yer aldığı ən islahatçı 10 ölkə siyahısındadır.

Azərbaycanda son 15 ildə aparılan köklü islahatlar ölkə iqtisadiyyatının inkişafında müsbət meyilləri daha da sürətləndirib. Xüsusilə, son 3 ildə aparılan islahatların məntiqi davamı olan və iqtisadiyyatın sektorları üzrə daha genişmiqyaslı təsir imkanlarına malik iqtisadi siyasətin nəticəsi olaraq ölkənin iqtisadi və sosial inkişafı üçün yeni mexanizmlər fəaliyyətə başlayıb.

Bunu AZƏRTAC-a Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru professor Vilayət Vəliyev Dünya Bankının “Doing Business 2019” hesabatına münasibət bildirərək deyib.

Milli iqtisadiyyat və iqtisadiyyatın sektorları üzrə Strateji Yol Xəritəsinin icrası 11 sektoru əhatə etməklə, eyni zamanda, kiçik və orta biznesin inkişafını hədəfləyir. Bu sahədə ölkədə aparılan dərin islahatlar beynəlxalq təşkilatlar tərəfindən də müsbət qiymətləndirilir. Belə ki, Dünya Bankı tərəfindən təqdim edilən “Doing Business-2019” hesabatına əsasən, Azərbaycan Çin, Hindistan, Əfqanıstan və Türkiyə kimi ölkələrin də yer aldığı ən islahatçı 10 ölkə siyahısındadır.

Biznesə başlamanın asanlığı reytinqi üzrə ölkəmiz 25-ci yerdə olmaqla əvvəlki illə müqayisədə +7,10 səviyyə yüksəlişi əldə edib. Bu pillədə irəliləyişə səbəb tikintiyə icazələr, elektrik enerjisindən istifadə, əmlakın qeydiyyatı, kredit əldə etmə, azlıq təşkil edən investorların qorunması, vergilərin ödənməsi, xarici ticarət və iflas prosedurları göstəricilərinin yaxşılaşmasıdır. Azərbaycan 2017-2108-ci illərdə biznesə başlamanın asanlığı üçün 8 istiqamətdə islahat aparıb. Bu islahatlar biznes mühitini yaxşılaşdırmaqla müsbət nəticələrini göstərməkdədir.

Qeyd edilən islahatların aparılması ölkədə biznes mühitinin əsas subyektləri kimi hədəflənən mikro, kiçik və orta sahibkarlar üçün vahid dövlət siyasətinin formalaşdırılması, onların hüquqlarının müdafiəsi, dövlət qurumlarının sahibkarlara vahid məkanda daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə xidmət göstərmələrini zəruri edir.

Bu məqsədlə, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb və dövlət qurumlarının sahibkarlara göstərdikləri xidmətlər üzrə qiymətləndirmələrin aparılması, bu xidmətlərin elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının və xidmətlər reyestrinin yaradılması sahəsində işlərin icrasına məsul hesab edilir. Qeyd edək ki, agentliyin kiçik və orta biznes subyektlərinə xidmətlərə dair fəaliyyəti müvafiq islahatları zəruri etdiyindən ölkədə biznes mühitinin yaxşılaşmasına və biznesə dair prosedurlara müsbət töhfə verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.