MƏDƏNİYYƏT
Vilnüsdə “Azərbaycan bayrağı” Beynəlxalq intellektual festivalı keçirilib VİDEO
Vilnüs, 3 dekabr, AZƏRTAC
Litva paytaxtında, “Best Western Vilnus” otelinin şüşəli konfrans salonunda “Azərbaycan bayrağı” Beynəlxalq intellektual festivalı keçirilib. Festival Azərbaycan Prezidenti yanında Azərbaycan Gəncləri Fondunun maliyyə dəstəyi ilə “Atəşgah” İntellektual Oyunlar Klubu və Avropa İntellektual Klublar Birliyi ilə birlikdə keçirilib.
Festivalın təşkilat komitəsinin rəhbəri İlkin Yetirmişli çıxışında bu ideyanı dördüncü dəfə dəstəkləyən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna təşəkkür edib. Festival intellektual oyunlar vasitəsilə xarici biliciləri Azərbaycanın tarixi və mədəni irsi ilə tanış etmək məqsədi daşıyır.
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə intellektual oyunun iştirakçılarını salamlayaraq Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş festivalın keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Tanınmış belaruslu bilici və teleaparıcı Ales Musinin aparıcılıq etdiyi festivalda altı ölkədən 24 komanda iştirak edib. İki gün ərzində “Nə? Harada? Nə zaman?”, Breyn-rinq və “Xəmsə” Azərbaycan milli intellektual oyunları üzrə turnirlər keçirilib.
“Nə? Harada? Nə zaman?” oyunu üzrə turnirdə bu festival üçün rekord sayda sual (75 sual) səsləndirilib. Turnirin qalibi İsrailin “Desyatıy val” komandası olub. Breyn-rinq oyununda “Komanda znatakov” (Latviya), “Xəmsə” oyununda Riqanın “Ekspromt” komandası qalib gəlib. “Ekspromt” mayın 27-29-da Bakıda keçiriləcək “Caspian Cup-2016” beynəlxalq turnirinə vəsiqə qazanıb.
Festivalın qalibləri və mükafatçıları diplomlar, kuboklar və medallar ilə mükafatlandırılıb. Bütün komandalara Azərbaycandan hədiyyələr təqdim edilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs