MƏDƏNİYYƏT
Vilnüsdə Novruz bayramı ilə əlaqədar tədbir keçirilmişdir VİDEO
Vilnüs, 19 mart (AZƏRTAC). Azərbaycanın Litvadakı səfirliyi tərəfindən Vilnüs şəhərində Novruz bayramı ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Litva Seyminin vitse-spikeri, xarici əlaqələr komitəsinin sədri, deputatlar, ictimai-siyasi xadimlər, Vilnüs Universitetinin müəllim və tələbə heyəti, bu ölkədə yaşayan soydaşlarımız və təhsil alan tələbələrimiz, Vilnüs Edukologiya Universitetində yaradılmış Nizami Gəncəvi adına Mərkəzdə fəaliyyət göstərən “Bazar günü” məktəbinin şagirdləri, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) üzvləri iştirak etmişlər.
Səfir Həsən Məmmədzadə tədbirdə çıxış edərək Novruz bayramı haqqında məlumat vermişdir. O bildirmişdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 2010-cu ilin fevralında isə BMT Baş Məclisinin 64-cü sessiyasının iclasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunmuşdur.
Diplomat Azərbaycan ilə Litva arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini və əlaqələrin güclənməsində hər iki ölkənin maraqlı olduğunu vurğulamışdır.
Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Yuras Pojela soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik etmiş, xalqımıza sülh və tərəqqi arzulamışdır.
Tədbirdə Vilnüs Edukologiya Universitetində yaradılmış Nizami Gəncəvi adına Mərkəzdə fəaliyyət göstərən “Bazar günü” məktəbinin şagirdləri hazırladıqları proqramla çıxış etmişlər. Onlar vətənpərvərlik və Novruz bayramı haqqında şeirlər söyləmiş, milli geyimdə rəqslər ifa etmişlər.
Sonda qonaqlara ziyafət verilmiş və bayram şənliyi Latviyadan gəlmiş azərbaycanlı musiqiçilərin ifasında konsertlə davam etmişdir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs