CƏMİYYƏT
Vindzor Qəsrində Britaniya Kraliçasının yubileyi münasibətilə kitab təqdimatı keçirilib
Kitab Avropa Azərbaycan Cəmiyyətinin və Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə nəşr edilib
Bakı, 28 noyabr, AZƏRTAC
Britaniya Kraliçası II Elizabetin 90 illik yubileyi münasibətilə Vindzor Qəsrində möhtəşəm bayram tədbiri keçirilib.
Xatırladaq ki, bu il mayın 12-15-də Vindzor Qəsrində keçirilən at şousunda bütün dünyadan 900-dən çox at, 1500-dən çox iştirakçı şou proqramla çıxış edib. Bir həftə davam edən möhtəşəm Kral Vindzor at şousu televiziya vasitəsilə bütün dünyada yeddi milyondan çox insan tərəfindən izlənilib. Britaniyanın İTV televiziya kanalı şouda iştirak edən Azərbaycan nümayəndə heyəti haqqında xüsusi reportaj hazırlayaraq efirə verib.
Bu münasibətlə, Kral Vindzor at şousuna həsr olunmuş xatirə kitabı nəşr edilib. Kitabda dünya şöhrətli fotoqraf Henri Dallalın çəkdiyi fotoşəkillər təqdim olunur. Kitab Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və Azərbaycan Atçılıq Federasiyasının (ARAF) dəstəyi ilə nəşr edilib.
Xüsusi cins olan Qarabağ atlarının Vindzor Şousunda iştirakı TEAS və ARAF-ın birgə əməkdaşlığı və təşkilatçılığı ilə baş tutub. Nadir Qarabağ atlarının gözəlliyi, çaparların bacarıq və cəsarətli akrobatik çıxışları tədbir iştirakçılarını və televiziya auditoriyasını heyrətləndirmişdi. Şou həftəsi ərzində Azərbaycan rəqqaslarının konsert proqramı da tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Təqdimatdan sonra fotoqraf və kitabın naşiri Henri Dallal deyib:
“Kitabın nəfis tərtibatından çox razıyam. Mətn və şəkilaltı şərhlər müxtəlif iştirakçılar tərəfindən daxil edilib. Bunlar arasında xanım Helen Mirren, Andrea Boçelli, Kayli Minoq, Şirli Bassey və azərbaycanlı rəqqasə Günel Şeyxova da var. Həmin may günlərində onlar bayram təntənəsini daha da canlandırmışdılar”.