REGİONLAR


Viran olunmuş şəhərlər, dağıdılmış qəbiristanlıqlar, təhqir olunmuş məscidlər - gürcüstanlı jurnalistlər Füzuli və Cəbrayılda VİDEO

Füzuli, 1 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Fevralın 28-də gürcüstanlı jurnalistlər işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. Səfər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və Gürcüstandakı səfirliyimizin təşkilatçılığı və dəstəyi ilə təşkil olunub. Gürcüstan heyətinin tərkibinə “Pirveli TV”, “Mtavari Arkhi”, “Imedi TV”, “POS TV” kanallarının jurnalistləri, tarixçi və ekspert daxildir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, media nümayəndələri əvvəlcə Füzuli rayonunun Horadiz kəndində erməni vəhşiliyini lentə alıb, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən darmadağın edilən Ermənistan silahlı bölmələrinin keçmiş mühəndis-istehkam qurğularına baxıblar.

Gürcüstanlı jurnalistlər sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına əsasən, “Füzuli Beynəlxalq hava limanının tikintisi” layihəsi üzrə tikinti işləri həyata keçirilən əraziyə gəliblər. Məlumat verilib ki, Füzuli Beynəlxalq Hava Limanında hazırda uzunluğu 3000 metr olan asfalt-beton örtüklü uçuş-enmə zolağının tikintisi aparılır. Layihəyə əsasən, asfalt-beton örtüklü uçuş-enmə zolağı, yönəldici yol və perronun tikintisi planlaşdırılır.

Media nümayəndələri rayonun Merdinli kəndində ermənilər tərəfindən dağıdılmış qəbiristanlığa və məscid binasının xarabalıqlarına baxıb, ermənilərin məsciddən tövlə kimi istifadə etdiklərinin şahidi olublar. Sonra Füzuli şəhərində ermənilərin 27 il ərzində törətdikləri vandalizmi öz gözləri ilə görüblər. Məlumat verilib ki, ermənilər işğal etdikləri Füzuli şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Rayonda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb.

Jurnalistlər səfər çərçivəsində Cəbrayıl şəhərinin xarabalıqlarına baxıb, şəhər qəbiristanlığında erməni vandalizminin izlərini görüblər. Ermənilər burada mərmərdən olan məzar daşlarını söküb aparıb, bəzi qəbirləri qarət məqsədilə dağıdıblar.

Media nümayəndələri günün sonunda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gələrək, sakinlərlə söhbət ediblər. Bildirilib ki, Cocuq Mərcanlı kəndi 1993-cü ildə düşmən tərəfindən işğal edilsə də, bir il sonra, yanvarın 6-da uğurlu Horadiz əməliyyatı zamanı azad olunub. Lakin Lələtəpə yüksəkliyi ermənilərin nəzarətində olduğundan burada yaşamaq qeyri-mümkün idi. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması mövcud təhlükəni də aradan qaldırdı. Cocuq Mərcanlıda 150 ev, məktəb, uşaq bağçası, məscid və digər sosial binalar tikilib, lazımi infrastruktur yaradılıb. 24 il respublikanın müxtəlif bölgələrində məcburi köçkün kimi məskunlaşmış Cocuq Mərcanlı sakinləri doğma kəndlərinə qayıdıblar. Cocuq Mərcanlı 2020-ci ilin sentyabr-oktyabr aylarında da Ermənistan silahlı bölmələrinin artilleriya atəşinə məruz qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.