DÜNYA
Virciniya ştatında iki jurnalistin birbaşa efirdə öldürülməsinin yeni təfərrüatları məlum olub VİDEO
Vaşinqton, 27 avqust, AZƏRTAC
Avqustun 26-da Virciniya ştatında, Smit Mauntn Leyk gölünün sahilində yerləşən Moneta şəhərindəki Bricuoter Plaza ticarət mərkəzində yerli WDBJ7 telekanalının iki işçisi qətlə yetirilib. Telekanalın səhər xəbərlər proqramı zamanı müxbir Elison Parkeri və operator Adam Uordu birbaşa efirdə güllələyiblər. Atışma zamanı E.Parker Smit Mauntn Leyk regional ticarət palatasının direktoru xanım Vika Qardnerdən müsahibə alırdı. Cinayətkarın şəxsiyyəti hadisədən az sonra müəyyən edilib. Məlum olub ki, cinayəti törədən şəxs - jurnalistlər Elison Parkerin və Adam Uordun keçmiş həmkarı, Brays Uilliams adı ilə də məşhur olan Vester Li Flaniqandır. Tapança ilə silahlanmış Flaniqan səhər saat 6:45 radələrində, ticarət mərkəzinin balkonunda müsahibə götürülən vaxt jurnalistlərə və ticarət palatasının direktoruna yaxınlaşıb və bir neçə saniyə gözləyəndən sonra atəş açmağa başlayıb. Polisin verdiyi məlumata görə, E.Parker və A.Uord hadisə yerindəcə keçiniblər, V.Qardner isə ağır vəziyyətdə şəhər xəstəxanasına çatdırılıb.
Cinayət yerindən qaçmış Flaniqan törətdiyi cinayəti videokamera ilə çəkib və həmin videoçarxı dərhal özünün tvitter və feysbuk səhifələrində yerləşdirib. O, tvitter səhifəsində yazıb ki, əvvəllər onunla bir yerdə işləyən Adam Uord ondan kadrlar şöbəsinə xəbərçilik edib, nəticədə Flaniqan müxbir vəzifəsindən çıxarılıb. Flaniqan E.Parkeri irqçilikdə təqsirləndirib.
Şəhər polisi canini “Şevrole Sonik” avtomobilində aşkar edib və Flaniqan qısa müddət təqib ediləndən sonra özünü güllə ilə vurub.
Ağır yaralı vəziyyətə hospitala çatdırılan Flaniqan yerli vaxtla saat 13:30-da ölüb. Cinayətin motivinin təfərrüatı ilə bağlı təhqiqat davam edir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton