“Virtual Qarabağ” İKT Gənclər İctimai Birliyi Türkiyənin tanınmış şəxslərinin bir qrupunu təltif edib
AzerTAg.az
Bakı, 19 fevral, AZƏRTAC
“Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin təşəbbüsü ilə Qarabağın tarixinin, mədəniyyətinin təbliği, bu barədə həqiqətlərin dünyaya çatdırılmasında fəal iştirak edən şəxslərin onlayn təltifolunma mərasimi keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Qarabağ: Atalarımızın yurdu” adlı tədbirdə Türkiyənin elm adamları, sabiq səfirlər, sənətçilər, televiziya rəhbərləri, media nümayəndələri, yazıçılar, ictimai xadimlərinin bir qrupu Qarabağ həqiqətlərinin təbliğində fəal iştirakına və Vətən müharibəsində verdikləri dəstəyə görə İctimai Birlik tərəfindən təltif olunub.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev, İctimai Birliyin sədri Nurəddin Mehdiyev, Türkiyənin Üsküdar Universitetinin professoru Əbülfəz Süleymanlı, tanınmış elm xadimləri, ictimai xadimlər, media nümayəndələri və digərləri bildiriblər ki, xalqlarımızın qardaşlığı əsrlərin sınağından keçərək bu gün ən yüksək dövrünü yaşayır. Vətən müharibəsində Azərbaycan xalqının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azadlığı uğrunda Ermənistan üzərində şərəfli Qələbəsi müasir Azərbaycan tarixinin və dövlətçiliyinin şanlı zəfəridir. İki qardaş ölkənin rəhbərliyi və xalqları ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarını rəhbər tutaraq Vətən müharibəsi dövründə də zəfərə doğru birlikdə irəlilədilər.
Tədbir iştirakçıları “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin Qarabağ tarixinin, mədəniyyətinin və həqiqətlərinin təbliğində yaxından iştirak edən Türkiyənin tanınan simalarının təltif olunmasını təşəbbüsünü müsbət qiymətləndiriblər.
Sonda “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin təşəkkürnamələri təltif olunan şəxslərə təqdim edilib.








Xəbərin mətnində orfoqrafik səhv var