İQTİSADİYYAT


“Virtual Reallıq” texnologiyalarının innovativ sahibkarlıqda tətbiqinə dair təlim təşkil olunub

Bakı, 22 fevral, AZƏRTAC

Fevralın 22-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşkilatçılığı və BMT-nin Beynəlxalq Ticarət Mərkəzinin dəstəyi ilə “İnnovativ Biznes Proqramı” çərçivəsində “Virtual Reallıq” (VR) texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi üzrə təlim keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu mövzuda ölkəmizdə ilk dəfə keçirilən təlimdə immersiv media texnologiyaları və onların innovativ sahibkarlıq fəaliyyətində tətbiqi, “Virtual Reallıq” və “Artırılmış Reallıq” texnologiyaları üzrə nəzəri və praktiki məlumatlar verilib. Təlim iştirakçıları 360 dərəcə video kontentin çəkilməsi, redaktəsi və internet resurslarda yerləşdirilməsi ilə bağlı əsas bacarıqlara yiyələniblər.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktor vəzifəsini icra edən Azər Bayramov fondun informasiya-kommunikasiya texnologiyaları sahəsində innovativ sahibkarlıq fəaliyyətinin inkişafı istiqamətində startap və İKT şirkətləri üçün maarifləndirici tədbirlərin keçirilməsinə xüsusi diqqət ayırdığını, ölkəmizdə “Virtual Reallıq” texnologiyalarına marağın artırılması və müxtəlif sahələrdə tətbiq edilməsini təşviq etmək üçün müvafiq bacarıqların inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Təlimçi, BMT-nin Beynəlxalq Ticarət Mərkəzinin eksperti Mohamed Es Fih virtual reallıq texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi imkanları barədə geniş məlumat verib. Bildirib ki, son illər dünyada ən çox investisiya qoyulan texnologiyalardan biri də “Virtual Reallıq” texnologiyasıdır. Qlobal şirkətlərin iştirakı ilə böyük bazar payına sahib olan “Virtual Reallıq” texnologiyaları bütün dünyada sürətlə yayılmaqda və istifadə olunmaqdadır. “Google”, “Samsung”, “Sony”, “HTC” kimi dünyanın nəhəng İKT şirkətləri VR texnologiyalarını səhiyyə, müdafiə, avtomobil və oyun sənayesi, təhsil, daşınmaz əmlak, arxitektura, mühəndislik, inşaat və digər sahələrdə tətbiq edirlər.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun “İnnovativ Biznes Proqramı” innovativ biznes qurmaq və inkişaf etdirmək arzusunda olan startaplar, kiçik və orta sahibkarlara dəstək olmaq məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.