ELM VƏ TƏHSİL


“Virtual məktəb”də müəllimlər üçün kurikulum üzrə sınaq imtahanı keçiriləcək

Bakı, 14 iyul, AZƏRTAC

“Virtual məktəb”də müəllimlər üçün kurikulum üzrə sınaq imtahanı keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sınaq imtahanı “Virtual məktəb”də Azərbaycan və rus bölmələri üzrə müəllimlər üçün artıq bir aydır keçirilən “Kurikulumun tədrisi üzrə vebinarlar”dakı mövzuları əhatə edəcək. Vebinarların keçirilməsində məqsəd müəllimlərin işə qəbul, sertifikasiya və diaqnostik qiymətləndirmə üzrə aparılacaq imtahanlara hazırlığa dəstək göstərməkdir.

Azərbaycan və rus bölmələri üzrə təşkil olunacaq sınaq imtahanlarının keçid linkləri iyulun 14-dən etibarən 10 gün müddətində “Virtual məktəb”in müəllim region qruplarında aktiv olacaq.

İyirmi sualdan ibarət olacaq sınaq imtahanında hər sualın düzgün cavabı bir balla qiymətləndiriləcək, səhv cavablar isə ümumi nəticəyə təsir göstərməyəcək. Sınaq imtahanının sonunda müəllimlər öz nəticələri ilə tanış ola biləcəklər. Hər müəllim üçün sınaq imtahanında bir dəfə iştirak etmək hüququ veriləcək.

Qeyd edilib ki, iyulun 24-də “Kurikulumun tədrisi üzrə vebinarlar”ın növbəti buraxılışında sınaq imtahanında təqdim edilən sualların düzgün cavabları veriləcək və nəticələr müzakirə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.