CƏMİYYƏT
Virtual reallıq texnologiyasının tədrisdə tətbiqi metoduna dair tədbir keçirilib
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) nəzdində fəaliyyət göstərən Etika Akademiyası iyunun 9-da virtual reallıq texnologiyasının tədrisdə tətbiqi metoduna dair tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AGAT-ın sədri Nərgiz Xələf təşkilatın fəaliyyət göstərdiyi on il ərzində Azərbaycanın milli mənəvi dəyərlərinin təbliği ilə yanaşı, dünyada qabaqcıl, innovativ ideya və təcrübənin ölkəmizdə tətbiqinə çalışdığını bildirib. Qeyd edib ki, AGAT həyata keçirdiyi layihələrlə Azərbaycanın müsbət imicinin dünyada daha geniş təbliği işinə töhfə verməyə çalışır. “Virtual reallıq texnologiyasının tədrisdə tətbiqi metodu” layihəsinin məqsədi ABŞ, Böyük Britaniya, İsveçrədən sonra dünyada ilk dəfə Azərbaycanda tədris sistemində virtual reallıq və artırılmış reallıq metodunun tətbiqini ictimaiyyətin nəzərinə çatdırmaqdır.
Tədbirdə Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin nümayəndələri, Milli Məclisin deputatları, QHT-lərin təmsilçiləri iştirak ediblər.