ELM VƏ TƏHSİL


“Viruslar və pandemiya: cari vəziyyət və gələcək, yaxud ümidlər və reallıq” mövzusunda onlayn ustad dərsi

Bakı, 1 iyun, AZƏRTAC 

İyunun 1-də Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya İnstitutunun Struktur Tədqiqatlar Bölməsinin Hesablama kristalloqrafiyası qrupunun rəhbəri, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası laboratoriyasının müdiri, professor Qərib Mürşüdov Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün “Viruslar və pandemiya: cari vəziyyət və gələcək və ya ümidlər və reallıq” mövzusunda onlayn ustad dərsi keçib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, videobağlantıya qoşulan rektor Elçin Babayev alimin fəaliyyətindən danışıb, araşdırmalarının dünya elminə verdiyi töhfələrdən söz açaraq professorun elmi tədqiqatlarına 46 mindən çox istinad olduğunu qeyd edib.

Professor Qərib Mürşüdov koronavirus pandemiyasının yaratdığı qlobal problemlər, infeksiyanın geniş yayılmasının səbəbləri, virusla mübarizədə qarşıya çıxan çətinliklər, COVID-19-un diaqnostika və müalicə üsulları, vaksinlər hazırlanması, yeni epidemiya təhlükələrinin qarşısının alınmasında innovativ texnologiyaların tətbiqi, milli biotəhlükəsizlik çağırışları kimi məsələlərə aydınlıq gətirib. Alim artıq dünyada sosial məsafənin vacib davranış qaydası hesab edildiyini deyib və insanları bu qaydalara riayət etməyə çağırıb.

Q.Mürşüdov məzunu olduğu BDU-nun professor-müəllim heyəti və tələbələri qarşısında çıxış etməkdən məmnun olduğunu deyib.

“Microsoft Teams” platforması üzərindən təşkil edilmiş dərs iştirakçıların böyük marağına səbəb olub. Biologiya fakültəsinin dekanı Çingiz Məmmədovun moderatorluğu ilə keçirilən ustad dərsi iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.