DÜNYA
Vişeqrad qrupu ölkələri Avstriya, Sloveniya və Xorvatiya ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər
Vyana, 10 iyul, AZƏRTAC
Vişeqrad dördlüyü (Polşa, Çexiya, Slovakiya və Macarıstan) və regiondakı digər ölkələr – Avstriya, Sloveniya və Xorvatiya gələcək əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər. Avstriyanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu məqsədlə nazirliyin baş katibi Mixael Linhart bu gün Budapeştdə keçiriləcək görüşdə iştirak edəcək.
Avropada qaçqın böhranı ilə özünəməxsus vahid mövqe nümayiş etdirən Vişeqrad dördlüyü (V4) qaçqınların Avropa ölkələri arasında kvota əsasında bölünməsini rədd edib, həmçinin miqrantlara qarşı sərt mövqe və açıqlamaları ilə tanınır.
İyulun 1-dən etibarən V4 sədrliyini Polşadan təhvil alan Macarıstanın xarici işlər naziri Peter Siyarto qrupun ən güclü və effektli dövrünə qədəm qoyduğunu bildirib. O, həmçinin qeyd edib ki, dörd dövlətin birgə iradəsinin Avropa İttifaqını əhatə edən ümumi qərarlarda Qərbi Avropa üzv dövlətlərinin nəzərə almağa məcbur olduğu mühüm faktora çevrilib. O, Vişeqrad qrupunu Aİ tərkibində ən effektiv və sıx əməkdaşlığa malik alyans kimi dəyərləndirib.
Tez-tez mətbuatda V4 sıralarının regiondakı digər ölkələr hesabına genişlənəcəyinə dair xəbərlər yer alsa da, P. Siyarto vahid mövqe və effektivliyi qorumaq üçün qrupa üzv qəbul edilməyəcəyini bildirib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana