DÜNYA
Vitali Naumkin: Rusiya ilə Türkiyə arasında konstruktiv dialoq yaradılıb
Moskva, 29 fevral, AZƏRTAC
Rusiya ilə Türkiyə arasında dövlət başçıları səviyyəsində konstruktiv dialoq yaradılıb. Bu dialoq Suriya məsələsinə dair mövcud ziddiyyətləri həll etməyə imkan verir.
Bunu AZƏRTAC-ın müxbirinə müsahibəsində tarixçi-şərqşünas, islamşünas, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi rəhbəri Vitali Naumkin bildirib.
Ekspert deyib: “Liderlərimiz bir-birinə böyük rəğbət bəsləyirlər, lakin onların hər birinin öz elektoratı, xalqı qarşısında müəyyən öhdəlikləri var. Bugünkü ab-hava bir o qədər də yaxşı deyil. Suriya, bir tərəfdən, ölkələrimizi birləşdirir, digər tərəfdən isə bizi ayırır. Bunu gizlətmək lazım deyil, ümumi dil tapılmalıdır. Mən inanıram ki, əlaqələrimizin çox yüksək səviyyədə olması bizi düşdüyümüz quyudan çıxaracaq”.
Onun sözlərinə görə, hadisələrin belə gedişi nə Ankaranın, nə də Moskvanın maraqlarına cavab verir. “Suriya ilə bağlı problemlərin həlli böyük səylər, müdriklik və uzun müddət tələb edəcək. Bunu bir neçə gün ərzində, danışıqların bir raundu ərzində həll etmək qeyri-mümkündür”, - deyə V.Naumkin vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva