SİYASƏT
Vitalio Kanas: NATO BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələri dəstəkləyir
Bakı, 13 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov sentyabrın 13-də NATO Parlament Assambleyasının sədri Paolo Allinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov Azərbaycan ilə NATO arasında çox yaxşı əlaqələrin olduğunu və bu münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söyləyib. O, NATO Parlament Assambleyasının iqtisadiyyat və təhlükəsizlik komitəsinin keçid və inkişaf alt-komitəsinin iclasının ölkəmizdə keçirilməsinin əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Milli Məclis sədrinin birinci müavini diqqətə çatdırıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Qərb institutları ilə əməkdaşlığa çox böyük əhəmiyyət verir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində yaxından iştirak etdiyini qeyd edən Ziyafət Əsgərov ölkəmizin iştirakı ilə həyata keçirilən enerji layihələri barədə danışıb, onların əhəmiyyətini xüsusi qeyd edib. O, ölkəmizin Qərb ilə Şərq arasında dəmir yolunun inkişafına xüsusi diqqət yetirdiyini deyib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən Z.Əsgərov Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox insanın doğma yurd-yuvalarından didərgin düşdüyünü diqqətə çatdırıb. Qeyd edib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və qərarlara məhəl qoymur. Z.Əsgərov NATO PA-nın qərar və qətnamələrində Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar bir daha öz fikrini söyləməsinin əhəmiyyətini vurğulayıb.
NATO Parlament Assambleyasının sədri Paolo Alli Azərbaycana səfərindən məmnunluğunu qeyd edib, səfər çərçivəsində səmərəli görüşlər keçirdiyini vurğulayıb.
NATO Parlament Assambleyasının sədrinin müavini Vitalio Kanas NATO ilə Azərbaycan arasındakı əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, Azərbaycanın Avratlantik təşkilatlarla əlaqələrinin genişləndirilməsi parlamentlərarası münasibətlərin də inkişafına təkan verəcək.
Vitalio Kanas deyib ki, NATO BMT-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələri dəstəkləyir.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etdirilib.