İDMAN
Vitaliya Smotrikova: Milli Gimnastika Arenasında müsbət əhvali-ruhiyyə hökm sürür
Bakı, 27 noyabr, AZƏRTAC
Bakıda iştirak etdiyim dünya yaş qrupları yarışları irimiqyaslı turnirdir. Bu yarışların iştirakçısı olmaqdan çox məmnunam.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda təşkil olunan 28-ci dünya yaş qrupları yarışlarında mübarizə aparan qazaxıstanlı gimnast Vitaliya Smotrikova deyib.
Qazaxıstan təmsilçisi bildirib: “Milli Gimnastika Arenasında müsbət əhvali-ruhiyyə hökm sürür. Bu yarışlar təcrübəmin artırılmasında böyük önəm daşıyır. Gələcəkdə yaxşı nəticələr əldə etmək üçün məşqlərdə daha çox çalışacağam”.
Qeyd edək ki, noyabrın 28-dək Milli Gimnastika Arenasında davam edəcək yarışa ölkəmiz 15 gimnast ilə qatılıb. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edirlər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda mübarizə aparırlar. Bundan əlavə, komanda hesabında yarışlar keçirilir. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.