ELM VƏ TƏHSİL
Vitaminlə işləyən batareya
Bakı, 11 avqust, Maqsud Dadaşov, AZƏRTAC
Kanadanın Toronto Universitetinin kimyaçıları vitamin vasitəsilə işləyən batareya hazırlayıblar. Xarici görünüşünə və iş mexanizminə görə adi batareyalara bənzəyən bu yeni növ enerjisini B2 vitaminindən alır.
AZƏRTAC “Science daily” saytına istinadla xəbər verir ki, B2 vitaminində parçalanma və oksidləşmə xüsusiyyətinə malik elementlərin mövcudluğu məhz bu vitaminin batareyalar üçün uyğun olmasına əsasdır. Uzun müddətdir ki, mütəxəssislər elektronika sahəsində tətbiq ediləcək materialların təbiətdən əldə edilməsi istiqamətində araşdırmalar aparırlar. Batareya üçün enerji əldə etməyin həm ucuz, həm də daha sürətli yolunu tapmaq da bu araşdırmaların bir istiqamətidir.
Tədqiqatçılar B2 vitaminindən hazırlanmış materialın ekoloji cəhətdən təhlükəsiz və təbii komponentləri əks etdirdiyi üçün daha sərfəli olduğunu iddia edirlər.