İQTİSADİYYAT
“Vitol Group”: “OPEC+” hasilatı tədricən artırmaq üçün planlarını dəyişə bilər
Bakı, 8 oktyabr, AZƏRTAC
“OPEC+” koalisiyası yanvar ayında keçiriləcək toplantıda hasilatı tədricən artırmaq üçün planlarını dəyişə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə neft ticarəti ilə məşğul olan dünyanın ən böyük müstəqil şirkəti “Vitol Group” məlumat yayıb.
Qeyd edək ki, “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 milyon barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan sentyabrda sutkalıq xam neft hasilatını 133 min barrel azaldıb. Bununla da Azərbaycan sentyabrda “OPEC+” üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirib.
“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır.
12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust- 31 dekabr tarixlərini əhatə edir.