CƏMİYYƏT
Vladanka Andreyeva: Azadlıqdan məhrum edilmiş qadınların vaxtlarını səmərəli keçirmələrinin şahidi oldum VİDEO
Bakı, 25 noyabr, AZƏRTAC
Ombudsmanın dəvəti ilə Azərbaycandakı cəzaçəkmə müəssisəsinə baş çəkməyə gəlmişəm. İlk dəfədir ki, Azərbaycanda cəzaçəkmə müəssisəsində oluram.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Gender bərbərliyinə nail olunmasında əsas çətinliklər” mövzusunda keçirilən tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva söyləyib.
O bildirib ki, 17 aydır Azərbaycanda fəaliyyət göstərir. Buraya səfərimi doğrudan da yüksək qiymətləndirirəm, çünki burada mənə yaradılmış şərait göstərildi. Azadlıqdan məhrum edilmiş qadınların vaxtlarını səmərəli keçirmələrinin şahidi oldum. Onlar, həmçinin yeni peşələr, vərdişlər öyrənir. Sonra bu vərdişlərdən istifadə edərək müəyyən məhsullar hazırlayır, onların satışından hətta müəyyən gəlir əldə edirlər. Bütün bunlar doğrudan da sevindirici haldır. Mən hətta xanımların toxuduğu xalçaları gördüm, hazırladığı şirniyyatlardan daddım.
"Bu gün narıncı rəngli pencək geyməyimin xüsusi bir səbəbi var. Noyabrın 25-i qadın və qızlara qarşı zorakılığın qarşısının alınması günü kimi qeyd olunur. Bu rəng də onu simvolizə edir. Ona görə də mənim məhz bu gün qadınların cəza çəkdiyi müəssisəyə səfər etməyimin böyük önəmi var", - deyə Vladanka Andreyeva vurğulayıb.
O əlavə edib ki, biz Ombudsman Aparatı ilə birlikdə 16 günlük kompaniyaya başlayırıq. Qadınlara qarşı zorakılığın qarşısının alınmasına dair məsələlərlə bağlı Azərbaycanın 16 rayonuna səfər edəcəyik. Orada qadınların, qızların imkanlarının genişləndirilməsi ilə bağlı məsələləri müzakirə edəcəyik. Sevindirici haldır ki, hətta cəzaçəkmə müəssisələrində belə qadınların imkanlarının genişləndirilməsi üçün şərait yaradılıb.