İDMAN
Vladimir Busatıy: Azərbaycan millisinin ustalıq səviyyəsi yüksəkdir
Bakı, 4 mart, AZƏRTAC
Rəqibin Yunanıstanla oyununa baxmışdım. Bilirdim ki, Azərbaycan millisinin ustalıq səviyyəsi yüksəkdir. Heyətlərində fərdi planda seçilən futzalçılar var.
AZƏRTAC xəbər verir ki, bunu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 4-də Bakıda futzal üzrə Azərbaycan millisinə məğlub olan Moldova millisinin baş məşqçisi Vladimir Busatıy oyunda sonra açıqlamasında deyib.
Mütəxəssis qeyd edib ki, nəticəni ədalətli saymıram. Çünki bizim də qol vurmaq üçün şanslarımız oldu, sadəcə, həmin epizodları reallaşdıra bilmədik. Futzalda gərək hər şansdan maksimum istifadə edəsən. Yoxsa, özün cəzalandırılacaqsan.
Qeyd edək ki, Azərbaycan-Moldova oyunu 5:1 hesabı ilə millimizin xeyrinə başa çatıb. Millimiz seçmə mərhələ çərçivəsində doğma meydanda Slovakiyanı 4:1, səfərdə isə Yunanıstanı 3:0 hesabı ilə məğlub edib. Hesabında 9 xal olan Azərbaycan millisi turnir cədvəlinin vahid lideridir.