İDMAN
Vladimir Kliçko Füri və Coşua ilə keçirilə biləcək döyüşlər barədə danışıqlar aparıb
Bakı, 18 yanvar, AZƏRTAC
2017-ci ildən bəri rinqə çıxmamış ukraynalı boksçu Vladimir Kliçko üç döyüş üçün nəzərdə tutulan kontrakt barədə DAZN striminq platforması ilə danışıqlar aparıb. “The Ring” jurnalının verdiyi məlumata görə, ukraynalı idmançının mümkün rəqibləri arasında britaniyalı Tayson Füri və Entoni Coşuanın adları çəkilir.
Jurnal yazır ki, əgər bu sövdə baş tutarsa, Kliçko öz karyerasını bərpa edəcək və DAZN şirkətinin səfiri olacaq. Qeyd edək ki, portuqaliyalı futbolçu Kriştianu Ronaldu və meksikalı boksçu Saul Alvares artıq bu şirkətin səfirləridir.
Kliçko həmin kontraktı birbaşa platformanın səhmdarı Leonid Blavatnik ilə müzakirə edib. Odessada doğulmuş L.Blavatnikin sərvətinin dəyəri 20 milyard dollardır. Əqd barədə razılıq əldə ediləndən sonra 42 yaşlı boksçu ilk döyüşünü orta səviyyəli rəqiblə aparacaq. Onun ikinci döyüşü Tayson Füri ilə əvəzçıxma döyüşü ola bilər. Xatırladaq ki, həmin döyüş iki dəfə - 2015-ci və 2016-cı ildə ləğv edilib. Ehtimal edilən üçüncü döyüş Entoni Coşua ilə əvəzçıxama döyüşü ola bilər. 2017-ci ilin aprel ayında Coşua 11-ci raundda Kliçkonu texniki nokautla məğlub edib və o vaxtdan ukraynalı idmançı rinqə çıxmayıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Kliçko Ümumdünya Boksçular Təşkilatının (WBO), Beynəlxalq Boks Federasiyasının (IBF) və Ümumdünya Boksçular Assosiasiyasının (WBA) versiyaları üzrə superağır çəki dərəcəsində dünya çempionu olub. 2015-ci ilin noyabr ayında Füri ilə döyüşdə xal hesabı uduzmuş Kliçko üç dünya çempionu titulunu itirib. Ukraynalı boksçunın rinqdə keçirdiyi görüşlərdə 64 qələbə (o cümlədən 53 nokautla), 5 məğlubiyyət qeydə alınıb.
Britaniyanın DAZN şirkəti idman tədbirlərini pullu translyasiya abunələrini reallaşdırır. Şirkət Avstriya, Almaniya, Yaponiya, Kanada, ABŞ, İspaniya və Braziliyada fəaliyyət göstərir.
2018-ci ilin avqust ayında portuqaliyalı futbolçu Kriştianu Ranoldu DAZN şirkətinin ilk səfiri olub. Bu futbolçunun vəzifəsi mövcud bazarlarda, habelə şirkətin gələcəkdə fəaliyyət göstərməyi planlaşdırdığı ərazilərdə onu təbliğ etməkdən ibarədir. Ronaldu DAZN ilə 2,5 illik kontrakt bağlayıb. 2018-ci il oktyabrın 17-də WBA və WBC versiyaları üzrə dünya çempionu, meksikalı Saul Alveres DAZN ilə 365 milyon dollarlıq kontrakt imzalayıb. Bu, idman aləmi üçün rekord məbləğ sayılır. Ötən ilin payızında DAZN ABŞ-da ən azı 32 boks döyüşünün translyasiyası üçün İngiltərənin “Matchroom sport” promouter şirkəti ilə 1 milyard dollarlıq saziş bağlayıb.