İDMAN
Vladimir Putin: Arkadi Dvorkoviçin FIDE-nin rəhbəri seçilməsi şahmatın inkişafına töhfə verəcək
Bakı, 4 oktyabr, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin baş nazirin keçmiş müavini Arkadi Dvorkoviçə zəng edərək, onu Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və ümidvar olduğunu bildirib ki, bu, şahmatı siyasiləşdirilmək cəhdlərindən təmizləməyə kömək edəcək.
Bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov deyib: “Putin ümidvar olduğunu bildirib ki, Arkadi Dvorkoviçin bu vəzifəyə seçilməsi şahmatın inkişafına töhfə verəcək və şahmatı hər hansı siyasiləşdirmə cəhdindən təmizləməyə və bu idman növünün siyasətdən kənarda qalmasına kömək edəcək”.
Çərşənbə günü Dvorkoviç FIDE-nin yeni prezidenti seçilib. Təşkilatın vitse-prezidenti Georgios Makropulos da bu vəzifəyə namizədliyini irəli sürüb. Səsvermənin yekunlarına görə, rusiyalı 103, Makropulos isə 78 səs toplayıb, 1 səs etibarsız hesab edilib. Digər bir namizəd – britaniyalı qrossmeyster Naycel Şort səsvermənin başlanmasına bir neçə dəqiqə qalmış namizədliyini geri götürüb.
1995-ci ildən təşkilata rəhbərlik edən FIDE-nin əvvəlki prezidenti Kirsan İlyumjinov yeni müddətə namizədliyini irəli sürməyib.