SİYASƏT


Vladimir Putin Azərbaycan və Ermənistan arasında mübahisəli məsələlərin nizamlanmasında Rusiya diplomatiyasının rolunu qeyd edib

Moskva, 18 noyabr, AZƏRTAC

Rusiya da daxil olmaqla, Cənubi Qafqazın bütün ölkələri regionun problemlərinin uzunmüddətli nizamlanmasında maraqlıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin RF XİN-in geniş kollegiya iclasında bəyan edib.

Vladimir Putin deyib: “Bir il bundan əvvəl Rusiyanın fəal vasitəçiliyi sayəsində Dağlıq Qarabağda münaqişə dayandırılıb. Lakin bu yaxınlarda Ermənistan-Azərbaycan sərhədində baş verən atışmalar göstərdi ki, regionda vəziyyət hələ də tam sakitləşməyib. Sabitliyin təminatı üçün atəşkəs rejiminin və dinc əhalinin təhlükəsizliyinin qarantı kimi sülhməramlı kontingentin səylərinə çox ciddi ehtiyac var”.

RF Prezidenti Azərbaycan və Ermənistan arasında mübahisəli məsələlərin nizamlanması, Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpası, həyati əhəmiyyət kəsb edən nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsində Rusiya diplomatiyasının artan rolunu qeyd edib.

“Baş nazir müavinləri səviyyəsində müvafiq dövlətlərarası komissiya yaradılıb, məncə, orada perspektivlər heç də pis deyil. Regionun bütün ölkələri, o cümlədən Rusiya bu problemlərin uzunmüddətli nizamlanmasında maraqlıdır”, - deyə Rusiya dövlətinin başçısı əlavə edib.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.