SİYASƏT
Vladimir Putin: Rusiya Dağlıq Qarabağda münaqişənin həllində maraqlıdır VİDEO
Bakı, 14 aprel, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin bu gün birbaşa efirdə ölkə vətəndaşlarının suallarına cavab verir.
Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həlli barədə sualın cavabında deyib ki, Dağlıq Qarabağ problemi həkimlərin “ziyan vurmamalı” prinsipi üzrə yanaşma tələb edir, bu problem yalnız siyasi vasitələrlə kompromisə nail olmaq yolu ilə həll edilməlidir. Prezident Vladimir Putin deyib: “Biz münaqişəni tənzimləmək, tərəflərin hər ikisi üçün məqbul həll tapmaq üçün nə mümkündürsə edəcəyik, Qarabağ məsələsinin uzunmüddətli həlli lazımdır və əlbəttə ki, bu həll yalnız siyasi vasitələrlə tapıla bilər, kompromis tapılmalıdır”.
Rusiya Prezidenti vurğulayıb ki, Rusiya bu münaqişənin həllində son dərəcə maraqlıdır. Rusiya dövlətinin başçısı vurğulayıb: “Kim nə deyir desin, Rusiya bu problemin həllində maraqlıdır, çünki biz həm Azərbaycanla, həm də Ermənistanla tamdəyərli iş aparmaq istəyirik”.
Vladimir Putin bildirib ki, Rusiya bu işə gücü çatan dərəcədə töhfə verəcək, lakin aydın məsələdir ki, son qərarı Ermənistan xalqı və Azərbaycan xalqı qəbul etməlidir”.