DÜNYA
Vladimir Putin Sindzo Abeyə ilin sonunadək sülh sazişi imzalamağı təklif edib
Bakı, 12 sentyabr, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Yaponiyanın Baş naziri Sindzo Abeyə ilin sonuna qədər heç bir ilkin şərt irəli sürülmədən sülh sazişi imzalamağı təklif edib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Vladimir Putin bu təklifi Vladivastok şəhərində keçirilən Şərq İqtisadi Forumunda səsləndirib. “Sonra sülh sazişinin əsasında dost kimi bütün mübahisəli məsələləri həll edərik. Mənə elə gəlir ki, bu, 70 il ərzində öhdəsindən gələ bilmədiyimiz bütün problemlərin həllini asanlaşdıracaq”, - deyə Rusiya prezidenti bildirib.
“Gələcək nəsillər üçün məsuliyyət bizim üzərimizə düşür. Biz öz uşaqlarımıza Yaponiya-Rusiya münasibətləri səbəbindən çətinlik yaratmamalıyıq”, - deyə sülh sazişi üçün dəstək istəyən Sindzo Abe vurğulayıb.
Qeyd edək ki, Yaponiyanın bir neçə Kuril adasına ərazi iddiası sülh sazişinə maneə yaradır. Rəsmi Moskva dəfələrlə Rusiyanın öz əraziləri ilə ticarət etmədiyini və Kuril adalarının onun ərazisində qalacağını bildirib.
2016-cı ilin dekabr ayında Vladimir Putin və Sindzo Abe Cənubi Kurildə müştərək fəaliyyət və adaların keçmiş yaponiyalı sakinlərinin bu yerlərə buraxılması barədə razılığa gəliblər.