DÜNYA
Vladimir Putin və Si Cinpin KXDR ətrafındakı vəziyyəti müzakirə ediblər
Bakı, 4 iyul, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin və hazırda Moskvada rəsmi səfərdə olan Çin Xalq Respublikasının sədri Si Cinpin Şimali Koreyanın qitələrarası ballistik raketi sınaqdan keçirməsi ilə bağlı vəziyyəti müzakirə ediblər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi KXDR-nin sınaqdan keçirdiyi raketin ölkənin “Raket hücumu barədə xəbərdarlıq sistemi” tərəfindən izləndiyini bildirib.
Xatırladaq ki, iyulun 4-də Şimali Koreya “Xvanson-14” qitələrarası ballistik raketinin uğurla sınaqdan keçirildiyini bəyan edib. Ölkənin mərkəzi televiziyası raketin maksimal uçuş hündürlüyünün 2802 kilometr olduğu və 39 dəqiqə ərzində 933 kilometr məsafə qət etdiyi barədə məlumat yayıb.
Yaponiya Müdafiə Nazirliyi isə öz növbəsində raketin Akita prefekturasında yerləşən Oqa yarımadasından 300 kilometr məsafədə Yapon dənizinə düşdüyünü bildirib.